DÜNYA
İranın nüvə proqramına dair yekun saziş üzərində iş başlamışdır
Vyana, 2 iyul (AZƏRTAC). İyulun 2-də Vyanada İranla “Altılıq“ ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında bu ölkənin mübahisəli nüvə proqramı ilə bağlı danışıqların sayca altıncı və həlledici raundu işə başlamışdır.
Danışıqlarda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eştonun və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştiraketmələri nəzərdə tutulur.
Tərəflər keçən ilin noyabr ayında start verilən bu danışıqlarla İranın mübahisəli nüvə proqramının dinc məqsədlər üçün istifadəsinə dair yekun razılaşma əldə etmək və on ildən artıq davam edən gərginliyə son qoymaq niyyətindədirlər.
Sonuncu və həlledici raundun kifayət qədər gərgin keçəcəyi və bir neçə həftə davam edəcəyi gözlənilir. Tərəflər qarşıya iyulun 20-dək İranın nüvə proqramının dinc məqsədlər üçün istifadəsini əks etdirən yekun razılaşma sazişinin imzalanacağına dair nikbin məqsəd qoymuşlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana