Məmməd Abbasbəyli: Metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox vacibdir
Bakı, 20 may, AZƏRTAC
Ölkəmizdə keyfiyyət infrastrukturunun vacib ünsürü kimi metroloji xidmətlərin əldə edilməsi biznes mühiti üçün çox mühümdür.
AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Metrologiya Forumunda deyib.
O bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi və yeniliklərin tətbiq olunması istiqamətində Azərbaycan Metrologiya İnstitutu ilə Türkiyə, Almaniya, Çexiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və bir sıra digər ölkələrin metrologiya sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlıq əlaqələri formalaşdırılıb.
“Türkiyə ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində TÜBİTAK UME ilə aparılan danışıqların nəticəsi olaraq ölkəmizdə birinci mərhələdə inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə və istehsal sahələrinə xidmət edəcək 12 milli etalon laboratoriyaların yaradılması məqsədəmüvafiq hesab edilib. “2022-2026-cı illər üzrə Sosial-iqtisadi İnkişaf Strategiyası”nın Tədbirlər Planında AzMİ-də dövrün sonuna yeni yaradılan laboratoriyaların sayının 20-yə çatdırılması nəzərdə tutulub. Dövlət Xidmətinin tabeliyində olan qurumlar vasitəsilə ölçmələrin vəhdətinin təmin edilməsi, yüksək dəqiqlik sinfinə malik olan kəmiyyət vahidi etalonlarının və ölçmə vasitələrinin kalibrlənməsi, həmçinin ölkədə istehsal olunan və ya idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və s. sınaqlarının aparılması akkreditasiya və standartlaşdırma işləri həyata keçirilir”, - deyə Məmməd Abbasbəyli əlavə edib.