“XIX-XX əsr Güney Azərbaycan el şairləri” antologiyası çapdan çıxıb
Bakı, 20 may, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qəndab Haqverdi Əliyevanın təqdimində “XIX-XX əsr Güney Azərbaycan el şairləri” (Antologiya) kitabı “Elm və təhsil” nəşriyyatında nəşr edilib.
AZƏRTAC xəbər verir ki, antologiya Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının 2024-cü il 15 yanvar tarixli iclasının qərarına əsasən çapa tövsiyə olunub.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, “Ön söz”ün müəllifi Qəndab Haqverdi Əliyevadır.
Ümumilikdə 496 səhifədən ibarət olan antologiyada 100 nəfər Güney azərbaycanlı el şairinin şeir nümunələri onların həyat və yaradıcılıqlarına dair məlumatla birlikdə sistemli şəkildə ilk dəfə olaraq quzeyli oxucu kütləsinə təqdim edilib və Güney Azərbaycan ədəbi və folklor mühitində xüsusi əhəmiyyət kəsb edən el şairlərini tanıtmaqla, onların el sənətinin, xalqın folklorunun, ədəbiyyatının və mədəniyyətinin inkişafında müstəsna rolunu oxuculara çatdırmaqla Bütöv Azərbaycanın zəngin xalq ədəbiyyatının ümumi mənzərəsini yaratmaq məqsədinə qismən də olsa, nail olunub.