Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Bakı, 20 may, AZƏRTAC
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun varlığı türk dövlətlərinin ali təhsil sahəsində inteqrasiyaya can atmasının bariz göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclasında çıxışı zamanı söyləyib.
Akademik bildirib ki, Türkiyə Universitetlər Birliyinin fəaliyyəti ölkələrimizin ali təhsil müəssisələri arasında əlaqələrin daha da dərinləşməsi, Orhun Mübadilə Proqramı vasitəsilə pedaqoji akademik heyətin və tələbə mübadiləsinin genişləndirilməsi, həm də ortaq dəyərlərin mənimsənilməsi üçün münbit bir zəmin yaratmalıdır.
“Orhun Mübadilə Proqramı çərçivəsində ən ümdə problemlərdən biri proqramın maliyyələşdirilməsi məsələsidir. Bu baxımdan xərclərin qarşılanmasını müəyyən edən hazırkı mexanizmlərə əlavə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən maliyyə vəsaitinin ayrılması hesabına xüsusi maliyyə fondunun yaradılması düzgün addımdır”, - deyə akademik Şahin Mustafayev qeyd edib.