QAN YADDAŞI
“İrəli” İctimai Birliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib
Bakı, 26 fevral, AZƏRTAC
“İrəli” İctimai Birliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində “İrəli” üzvləri Xocalı soyqırımı abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini anıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək məqsədilə “İrəli” gəncləri üzərində “Justice for Khojaly” yazılan vərəqlərlə şəkillər çəkdirərək kampaniya üçün nəzərdə tutulmuş həştəqlərlə sosial şəbəkə hesablarında paylaşım edərək, soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işinə töhfə verməyə çalışıblar.
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtdakı bir sıra məktəb və liseylərdə, eləcə də regionlarda Xocalı faciəsi qurbanlarına həsr olunmuş “25 böyüməyən uşaq” filminin nümayişi olub. Birlik tərəfindən lentə alınan filmi ümumilikdə 1500-dən çox gənc izləyərək, Xocalı soyqırımı ilə bağlı reallığı əks etdirən görüntülərlə tanış olub, eyni zamanda faciə zamanı hər iki valideynini itirmiş 25 uşağın acı dolu uşaqlıq illərini şahidlərin dilindən dinləyiblər.
Silsilə tədbirlər çərçivəsində teleqram sosial şəbəkəsində faciənin dünya miqyasında tanınması, şahidlərin həyat hekayələri, faciənin hüquqi-siyasi qiymətləndirilməsi və ümumən Xocalı soyqırımı ilə bağlı məlumatların müxtəlif dillərdə əks olunduğu “bot” yaradılıb. “Bot”da gənclərin soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirilən kampaniyaya necə qoşula biləcəyi haqqında ətraflı məlumat verilib.
“İrəli” gəncləri hər il olduğu kimi bu il də Xocalı faciəsinin ildönümünə həsr olunmuş sosial şəbəkə aksiyası həyata keçiriblər. Ümumilikdə 500-dən çox gəncin iştirakı ilə baş tutan kampaniya çərçivəsində tviter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici dillərdə maarifləndirici, infoqrafik tvitlər paylaşılıb, tanınmış siyasətçi, dövlət xadimi və ekspertlərin tvitlərinə retvitlər edilib, rəylər bildirilib.