CƏMİYYƏT
İşçilərə 20 min 400 manat məbləğində gecikdirilmiş ödənişlərin verilməsi təmin olunub
Bakı, 7 avqust (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin iyul ayında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 20 min 409 manat məbləğində sosial xarakterli ödənişlərin ödətdirilməsi təmin edilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, məbləğin 17 min 954 manatı əmək haqlarından, 1499 manatı zərərə görə ödənclərdən, 956 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Həmçinin son bir ayda DƏMX tərəfindən ayrı-ayrı müəssisələrdə həyata keçirilən dövlət nəzarəti zamanı qeyri-leqal əmək fəaliyyətinə cəlb olunmuş 82 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin edilib.
Qeyd olunan müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 34 kollektiv müqavilə bağlanılıb.