İQTİSADİYYAT
İstanbulda II Avrasiya dəmiryolu, infrastruktur və logistika sərgisi keçirilir
Ankara, 9 mart (AZƏRTAC). İstanbulda II Avrasiya dəmiryolu, infrastruktur və logistika sərgisi keçirilir. Sərgidə Azərbaycan, Çexiya, Bolqarıstan, İran, Gürcüstan, İspaniya, Rumıniya, Yunanıstan, Türkmənistan, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Belçika, Koreya Respublikası və Türkiyədən 200 şirkət iştirak edir.
Sərginin açılışında Türkiyə Dövlət Dəmiryolu İdarəsinin müdiri Süleyman Karaman və Bolqarıstanın nəqliyyat naziri İvaylo Moskovski çıxış edərək, Avropa ilə Asiyanı birləşdirəcək layihələr, xüsusilə Bakı-Tbilisi-Qars və “Marmaray” dəmiryolu xətlərinin əhəmiyyətini vurğulamışlar.
Dəmiryolu avadanlığı, təhlükəsizlik və infrastruktur məsələlərinin də müzakirə olunduğu “Eurasia Railway - 2012” mövzusunda konfransda Avrasiya məkanında dəmiryolu şirkətlərinin əməkdaşlığı diqqət mərkəzində olmuşdur.
Sərgi martın 10-dək davam edəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara