İQTİSADİYYAT
“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilmişdir
Bakı, 7 mart (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilmişdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev istehlakçıların hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericilik və bu sahədə görülən işlər barədə məlumat vermişdir.
Bildirilmişdir ki, ötən il istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 160 min, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanmışdır.
Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda məruzə ilə çıxış etmişdir.
Tədbirdə ali təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbəsi iştirak etmişdir.