DÜNYA
İtaliyada inflyasiya səviyyəsi son 39 ildə ən yüksək həddə çatıb
Roma, 28 oktyabr, AZƏRTAC
İtaliyada enerji və ərzaq qiymətlərindəki artımlar fonunda oktyabr ayında illik inflyasiya göstəricisi 11,9 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, bu, 1984-cü ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir. Oktyabrda ölkədə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 3,5 faiz artıb.
ISTAT-ın məlumatına görə, oktyabrda inflyasiyanın hərəkətverici qüvvəsi təkcə enerji resurslarındakı deyil, həm də ərzaq qiymətlərindəki artımlar olub.
Ərzaq və məişət əşyaları kimi gündəlik tələbat mallarının istehlak səbətində isə oktyabrda illik müqayisədə 13 faiz artmaqla 1983-cü ilin iyunundan bəri ən yüksək artımı nümayiş edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma