İQTİSADİYYAT
İtaliyalı jurnalist Azərbaycanın iqtisadi potensialından bəhs edir
Bakı, 30 iyun, AZƏRTAC
İtaliyada ixracın təşviqi ilə bağlı “Exportiamo.it” internet saytında jurnalist Culiyano Bifolkinin müəllifi olduğu “Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman güclüdür” və “Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı məqalələr yayılıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.
“Azərbaycan-İtaliya: enerji tərəfdaşlığı və ticarət əlaqələri hər zaman güclüdür” adlı məqalədə müəllif iki ölkə arasında münasibətlərin möhkəm əsaslarının 2014-cü ildə Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində Baş nazir Matteo Renzi ilə birgə qəbul etdiyi “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”də öz əksini tapdığını bildirir.
Azərbaycan-İtaliya iqtisadi əlaqələrinə toxunulan məqalədə İtaliyanın Azərbaycanın birinci tərəfdaşı olduğu, TAP layihəsinin həyata keçirilməsi ilə əlaqələrin daha da genişlənəcəyi və İtaliyanın Avropanın enerji bazarında rolunun möhkəmlənəcəyi qeyd edilir. İyulun 13-də Romada keçirilmiş Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının iclası, bu çərçivədə təşkil edilmiş biznes forum haqqında məlumat verilən yazıda bu tədbirlərdə diqqətin, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, xüsusən də alternativ enerji, infrastruktur, logistika, aqrosənaye və əczaçılıq sahələrində İtaliya şirkətləri üçün mövcud imkanlara verildiyi vurğulanır. Müəllif Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadəyə istinadla 2010-cu ildən bəri İtaliyadan Azərbaycana ixracın üç dəfə artığını və əlaqələrin daha da inkişafı üçün potensialın böyük olduğunu diqqətə çatdırır.
“Azərbaycan iqtisadiyyatını şaxələndirmək üçün xarici tərəfdaşlar axtarışındadır” adlı məqalədə isə müəllif ölkəmizin müstəqilliyini bərpa etdiyi dövrdən etibarən həyata keçirdiyi neft strategiyası, qazandığı iqtisadi nailiyyətlər, “Cənub Qaz Dəhlizi” layihəsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verir. Həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyə malik olduğu diqqətə çatdırılaraq önəmli logistika mərkəzinə çevrilməsi imkanlarından bəhs edilir. Bu istiqamətdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələr də qeyd olunur.
Məqalədə, habelə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı, ölkəmizin önəmli ərzaq ixracatçısına çevrilməsi potensialı vurğulanır.