İvanovkada prezident seçkiləri yüksək səviyyədə təşkil olunub
İsmayıllı, 11 aprel, AZƏRTAC
İvanovka kəndi İsmayıllının iri yaşayış məntəqələrindəndir. 2690 nəfər əhalisi olan kəndin sakinlərinin əksəriyyəti ruslardır. Prezident seçkiləri İvanovkada da yüksək səviyyədə təşkil olunub. Seçki hüququ olan insanlar kənddə fəaliyyət göstərən məntəqəyə gəlir, namizədlər arasında prezident görmək istədikləri şəxsə səs verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 86 saylı İsmayıllı seçki dairəsinin tərkibində olan İvanovkada səsvermə hüququna malik 1734 seçici var. Onlardan 884 nəfəri mədəniyyət evində fəaliyyət göstərən 36 saylı, 850 nəfəri isə tam orta məktəbdəki 37 saylı məntəqələrdə səs verirlər. Məntəqələrdə səsvermənin azad, demokratik və şəffaf keçirilməsi üçün lazımi şərait yaradılıb. Bütün proseslər səsvermənin gedişini izləyən müxtəlif siyasi partiya və təşkilatlardan olan, habelə öz istəkləri ilə gələn müşahidəçilər tərəfindən izlənilir.
Səsvermə hüququndan istifadə edən İvanovka kənd məktəbinin tarix müəllimi Nadejda Jabina deyib: “Bu gün bizim üçün məsuliyyətli bir gündür - ölkəmizdə prezident seçkiləri keçirilir. Gördüyünüz kimi, insanlar seçkilərdə fəallıq göstərirlər. Gənclər də, yaşlılar da məntəqələrə gələrək vətənimiz üçün layiq bildiyi şəxsə səs verirlər. Məntəqələrdə hər kəsin öz seçimini azad ifadə etməsi üçün lazımi şərait yaradılıb”.