İDMAN
“Jalgiris”in basketbolçusu qızların açıq-saçıq geyiminə görə klubu tərk etmişdir
Bakı, 1 fevral (AZƏRTAC). Bolqarıstan pasportlu amerikalı müdafiəçi İbrahim Caaber Avroliqanın Top-16 turunun oyunları ərəfəsində gözlənilmədən Litvanın “Jalgiris” basketbol klubu ilə müqaviləni şəxsi təşəbbüsü əsasında pozmuşdur. 2012-ci ilin oktyabrında Kaunasa gəlmiş 28 yaşlı oyunçu bu qərarını komandaya məktub vasitəsilə bildirmişdir.
Klubun rəsmi saytının məlumatına görə, oyunçunu bu cür qərara gəlməyə dini düşüncələri vadar etmişdir. İslam dininə etiqad edən Caaber maykalardakı reklamla və ehtiyat skamyalarda oturan, “dəstək” qrupundan qızların hədsiz açıq-saçıq geyimləri ilə razılaşmamışdır.
Klubun maykaları üzərində spirtli içkilərin və bukmeker şirkətlərinin reklamları yerləşdirilmişdir.
İdmançının sözlərinə görə, o, çox ehtimal ki, Avropada çıxış etməyəcəkdir. O, çox gəlirli təkliflərdən məhrum olduğunu başa düşür, lakin əqidəsi naminə hər cür fədakarlığa hazırdır.
Komandanın rəhbərliyi təqribən yarım ildir Litvada çıxış edən basketbolçunun gözlənilməz hərəkətindən təəccübləndiyini bildirmişdir və ondan kompensasiya tələb etməyi planlaşdırır.