MƏDƏNİYYƏT
“Jazz dünyası” jurnalının növbəti nömrəsi çap olunmuşdur
Bakı, 23 oktyabr (AZƏRTAC). “Jazz dünyası” jurnalının növbəti nömrəsi çap olunmuşdur.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsinin ilk məqaləsi dünyasını vaxtsız dəyişmiş istedadlı cazmen Emil İbrahimovun xatirəsinə həsr olunmuşdur.
Bu nömrədə dərc olunmuş Avropa orqan sənətinin ulduzu Barbara Dennerleyn və bəstəkar Qara Qarayevin nəvəsi Zülfüqar Babayev ilə eksklüziv müsahibələr, cazmen Rain Sultanovun iştirak etdiyi 7-ci “Penang İsland” caz festivalı, “Jazz dünyası” jurnalının da təmsil olunduğu Almaniyanın Bremen şəhərində keçirilmiş “Jazzahead!” sərgisi haqqında məlumatlar yer almışdır.
Jurnalda P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi, sənətşünaslıq namizədi Aleksandra Çernışovanın “Akademik musiqidə caz orkestrovkası” məqaləsi, Azərbaycan caz sənətinin korifeyləri, caz dünyasının yenilikləri haqqında maraqlı yazılar diqqəti xüsusilə cəlb edir.
Jurnalın baş redaktoru Leyla Əfəndiyevadır.