ELM VƏ TƏHSİL
Jurnalistikada mətnlərin intellektual linqvistik təminatı problemləri - tədqiqat
Bakı, 5 aprel, AZƏRTAC
Təbii dilin emalı vasitələri mətn sənədlərindəki və sorğulardakı termləri təhlil edib onların məzmununu aydınlaşdırır, termlər arasındakı münasibətləri aşkarlayır və səmərəli axtarışı təmin edir. Bu məqsədlə linqvistik təminat vasitələri kompleksindən istifadə edilir. Bu kompleksə müxtəlif lüğətlər, tezauruslar, sistemin predmet sahəsinin ontoloji xüsusiyyətlərini əks etdirən materiallar daxildir.
Bu barədə AZƏRTAC-a İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sünbül Zalova məlumat verib.
O qeyd edib ki, sistem lüğətləri mətnin morfoloji təhlilinə və axtarış zamanı müxtəlif qrammatik formalardakı sözləri tanımağa imkan verir, tezauruslar isə dilin əsas anlayışlarını özündə əks etdirən lüğətlərdir. Təbii dildə təqdim edilmiş mətn sənədlərinin və axtarış sorğularının adekvat anlaşılması üçün sistem predmet sahəsinin əsas anlayışlarını və onların arasındakı müxtəlif semantik əlaqələri təyin edən vasitə isə ontoloji materiallardır.
Maşın tərcüməsi, avtomatik referatlaşma, eləcə də mətnin mövzuya uyğun təsnifatlaşdırılmasının süni intellektin jurnalistika sahəsində yaratdığı yeni imkanlardan olduğunu söyləyən S.Zalova süni intellektin jurnalistikaya verdiyi töhfələrdən də danışıb. Qeyd edib ki, bunlara mətnlərin oxunması və mürəkkəblik səviyyəsinin qiymətləndirilməsi, mətnlərdə istifadə olunan terminlərin müqayisəli analizi, vulqar sözlərin, plagiatlığın aşkarlanması, maşın tərcüməsi, avtomatik referatlaşdırma, yazı üslubunu analiz etməklə müəllifin müəyyənləşdirilməsi və s. aiddir. O, həmçinin İKT-nin köməyi ilə mətnləri daha anlaşıqlı formada təqdim etməyin mümkün olduğunu diqqətə çatdırıb, müasir texnologiyaların tətbiqi ilə jurnalistikada yazı işlərinin keyfiyyətinin artırıla biləcəyini söyləyib.