DÜNYA
Kaliforniyada benzinin qiyməti bir qallon üçün 5 dollara qədər qalxıb
![Kaliforniyada benzinin qiyməti bir qallon üçün 5 dollara qədər qalxıb](/files/2022/1/1200x630/16464774163388445749_1200x630.jpeg)
Vaşinqton, 5 mart, AZƏRTAC
Ukraynada münaqişə səbəbindən benzinin qiyməti bir qallon üçün 11 sentdən çox artıb.
AZƏRTAC xəbər verir ki, qiymətlərin qalxması nəticəsində bəzi yerlərdə bir qallon benzinin qiyməti 5 dolları aşıb. Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ölkə üzrə bir qallon adi benzinin orta qiyməti 3,72 dollara çatıb. Energetika İnformasiyası İdarəsinin məlumatına görə, keçən həftə benzinin ümumi daxili ehtiyatlarının həcmi 500.000 barel azalaraq, 246 milyon barelə düşüb. Benzinə tələbat isə gündə 8,66 milyon bareldən gündə 8,74 milyon barelə qədər artıb. Beləliklə, benzinin qiymətinin artması üçün ideal şərait yaranıb.
Energetika İnformasiyası İdarəsinin məlumatına görə, Amerikanın qərb ştatları benzinin qiyməti üzrə liderlik edir - orada bir qallon benzinin qiyməti orta hesabla 4,3 dollara bərabərdir. Şərq ştatlarında benzinin orta qiyməti bir qallon üçün 3,712 dollardır. ABŞ-ın bütün regionlarında bir qallon benzinin qiyməti keçən illə müqayisədə ən azı 80 sent artıb. Kaliforniyada yanacaqdoldurma stansiyalarında benzinə görə ölkədə ən yüksək- bir qallon üçün 51,1 sent dövlət vergisi tutulur, bu da qiymətlərin artmasına imkan yaradır.
AZƏRTAC-ın Vaşinqton bürosu