KANADADA DAHİ HEYDƏR ƏLİYEVİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLİR
Zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin adı təkcə dünya xəritəsində müstəqil Azərbaycan Respublikası kimi bir dövlətin yer alması ilə əlaqələndirilmir. Bu tarixi şəxsiyyət dövlətimizin hərtərəfli inkişafına və möhkəmlənməsinə misilsiz töhfələr verərək, onun həm Qərbin, həm də Şərqin siyasi, iqtisadi və mədəni məkanına uğurlu inteqrasiyasını təmin etmişdir. Bu da az əhəmiyyətli deyildir ki, dahi lider hazırda dünyanın ən müxtəlif guşələrində yaşayan soydaşlarımızın birləşməsində müstəsna rol oynamışdır. Ulu öndərin azərbaycançılıq ideyası diasporumuzu ətrafında birləşdirən bir məsləkə çevrilmişdir. Onlar müstəqil müasir dövlətimizin memarı və qurucusu ulu öndərin xatirəsini daim uca tuturlar.
Məlumdur ki, Heydər Əliyev diasporumuzun birləşməsinə xüsusi əhəmiyyət verir, Azərbaycan və Qərbi Avropa musiqisi incilərinin səsləndiyi çoxlu beynəlxalq tədbirlərin, konsertlərin, digər mədəni aksiyaların keçirilməsini dəstəkləyirdi.
AZƏRTAC xəbər verir ki, Kanadada yaşayan soydaşımız, Şimali Amerikadakı Azərbaycan diasporunun liderlərindən biri, “İpək yolu” Kanada-Azərbaycan kamera orkestrinin baş dirijoru İsmayıl Cövdət oğlu Hacıyev qardaşı və məsləkdaşı, layihənin həmsədri və onun gerçəkləşdirilməsinin başlıca təşkilatçılarından biri, bakılı musiqiçi Mikayıl Hacıyevlə birlikdə Kanadada Bəşəriyyətin Beynəlxalq Dünya Mədəni İrsi Mərkəzinin yaradılması ideyası ilə çıxış etmişdir. Ulu öndərimiz hələ sağlığında dəstəklədiyi bu ideya dünya şöhrətli skripkaçı, Kral Konservatoriyasının professoru və Niaqara Beynəlxalq Musiqi Festivalının baş direktoru, Kanadada yəhidi diasporunu təmsil edən Atisa Bankasın fəal iştirakı ilə həyata keçirilir. Mayın 9-da - Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində öz Vətənini - Azərbaycanı mədəniyyət sahəsində daim öncül ölkələr sırasında görmək istəyən ümummilli liderimizin adını daşıyacaq mərkəzin təntənəli açılışı olacaqdır.
Niaqara şəlaləsinin yaxınlığında yerləşən rəsm qalereyasında Heydər Əliyevin görkəmli heykəltəraş, akademik Ömər Eldarov tərəfindən yaradılmış mərmər büstü qoyulacaqdır. Müəllif büstü Azərbaycan diasporuna və rəsm salonuna hədiyyə etmişdir.
Orijinal üslubda yaradılmış büstün açılış mərasiminin iştirakçıları Azərbaycan təsviri sənətinin daha bir ustadı Tahir Salahovun da əsərlərinə tamaşa etmək və onları qiymətləndirmək imkanı qazanacaqlar. Şübhəsiz ki, T.Salahovun əsərləri - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov və Dmitri Şostakoviçin, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin portretləri qalereyanın yaraşığına çevriləcəkdir. Bu şəxsiyyətlər hamısı bir-birinə, habelə musiqinin gözəl bilicisi və həvəskarı, incə musiqi duyumu olan Heydər Əliyevə mənən çox yaxın idilər.
Ölməz Heydər Əliyevin yubileyi şərəfinə Torontonun mötəbər salonlarından biri olan “İmperial”da böyük konsert olacaqdır. Azərbaycanın və Kanadanın dövlət himnləri ilə başlanacaq konsertdə İsmayıl Hacıyevin rəhbərliyi altında “İpək Yolu” kamera orkestrinin ifasında “Ulu öndər” və “Onu zaman seçib”, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi və digər bəstəkarların əsərləri, habelə milli muğamımızdan və aşıq sənətindən nümunələr səslənəcəkdir.
Azərbaycan xalqının dahi oğlunun 85 illik yubileyi ilə əlaqədar təntənəli tədbirlərin təşkilinə maliyyə dəstəyini ölkəmizin Kanadadakı səfirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi göstərirlər.
######
