İDMAN
Kifayət Qasımova Tokioda beşinci olmuşdur
Tokio, 10 dekabr (AZƏRTAC). Yaponiyanın Tokio şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, lisenziya xarakterli turnirin ikinci günündə beş azərbaycanlı cüdoçu döşək üzərinə çıxmışdır. 73 kq çəki dərəcəsində çıxış edən Rüstəm Orucov monqolustanlı Odbayar Qanbatarla üz-üzə gəlmişdir. Tərəflər qalibi əlavə vaxtda da müəyyən edə bilməmişlər. Sonda hakimlərin qərarına əsasən, qələbə Rüstəmin rəqibinə verilmişdir.
81 kq çəki dərəcəsində ölkəmizi Elxan Rəcəbli təmsil etmişdir. Elxanın ilk görüşdə ukraynalı Artyom Vasilenkoya qalib gəlmişdir. Lakin idmançımız növbəti döyüşdə yaponiyalı Takahiro Nakaiyə məğlub olmuşdur.
90 kq-da çıxış edən Elxan Məmmədov elə ilk görüşdə argentinalı Dieqo Rosatiyə gözlənilmədən uduzaraq, mübarizəni erkən dayandırmışdır.
Qadın cüdoçuların mübarizəsində Kifayət Qasımova (57 кг) İzabel Fernandesi (İspaniya) xal hesabı ilə məğlub etmişdır. Növbəti mərhələdə yaponiyalı dünya çempionu Kauro Matsumoto ilə üz-üzə gələn K.Qasımova məğlub olaraq, turniri beşinci yerdə başa vurmuşdur.
63 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ramilə Yusubova Alis Şlezinqerə (İsrail) uduzaraq turniri tərk etmişdir.
Qeyd edək ki, yarış nokaut sistemi üzrə, təsəlliverici görüş olmadan keçirilir. Yarımfinalda məğlub olmuş cüdoçular bürünc medala yiyələnirlər.
Yarışların ilk günündə idmançılarımızdan yalnız İlqar Muşkiyev (60 kq) beşinci yeri tutmağa nail olmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio