MƏDƏNİYYƏT
Kitabxanada “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlanıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev 1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rolundan danışıb.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva ümummilli lider Heydər Əliyevin öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruması, respublikada ictimai-siyasi böhranı aradan qaldırması və inkişafın təməlini qoyması mövzusunda çıxış edib.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında ən mühüm nailiyyətlərin əldə edilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.
Tədbirboyu “Ümummilli lider Heydər Əliyev” adlı videoslayd nümayiş olunub.
Sonda “Xilas günü- Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirilib.