QAN YADDAŞI
KİYEVDƏ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏ GECƏSİ VƏ AKADEMİK RAMİZ MEHDİYEVİN UKRAYNA DİLİNDƏ “AZƏRBAYCANLILARIN SOYQIRIMININ REALLIQLARI” KİTABININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR
Kiyev, 13 yanvar (AZƏRTAC). Yanvarın 13-də Azərbaycanın Ukraynadakı səfirliyində səfir Tələt Əliyevin rəhbərliyi ilə 20 Yanvar faciəsinin 20 illiyi ilə əlaqədar diplomatlarımızın, diaspor fəallarının, Azərbaycan alimlərinin və mədəniyyət xadimlərinin iştirakı ilə müşavirə keçirilmişdir.
Müşavirədə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, diasporun Ağsaqqallar Şurasının başçısı, Ukraynanın əməkdar nəqliyyat işçisi Elbrus Abdullayev, Ukraynanın xalq artisti Qurban Abbasov, Kiyev şəhəri Peçersk Rayon Şurasının deputatı Vilayət Quliyev, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru, UAK-ın Kiyev şəhər təşkilatı sədrinin müavini Arif Quliyev, Kiyev-Mogilyansk Akademiyasının dosenti Fərhad Turanlı və başqaları iştirak etmişlər.
Səfir Tələt Əliyev bildirmişdir ki, yanvarın 20-də Kiyev şəhər Müəllimlər Evində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilmiş xatirə gecəsi və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Ukrayna dilində çapdan çıxmış “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının təqdimatı olacaqdır.
Diplomat qeyd etmişdir ki, Azərbaycan xalqının ən yeni tarixinin bu hüznlü gününə xeyli qalmış hazırlıq üzrə qərargah yaradılmış, akademik Ramiz Mehdiyevin “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının Ukrayna dilində nəşri barədə qərar qəbul olunmuş və kitab artıq nəşr edilmişdir. Səfirin Ukrayna siyasətçiləri və ictimaiyyət nümayəndələri ilə çoxsaylı görüşləri olmuş, səfirliyin “Qara Yanvar: Bakıya sovetin təcavüzünün 20 illiyi” mətbuat açıqlaması tərtib edilmiş, həmin dövrün hadisələrini əks etdirən şəkillərdən ibarət stendlər hazırlanmışdır. Müşavirə iştirakçılarına akademik Ramiz Mehdiyevin Ukrayna dilində nəşr edilmiş “Azərbaycanlıların soyqırımının reallıqları” kitabının nüsxələri paylanmışdır.
Kitabın Ukrayna dilinə tərcüməsinin məsləhətçisi Azərbaycanın Kiyevdəki səfiri, fəlsəfə doktoru, siyasi elmlər namizədi Tələt Əliyev, redaktorları Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru Arif Quliyev və T.Q.Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun dosenti Zəminə Əliyevadır. Zəminə xanım həm də bu kitabın nəşrinin sponsorudur.
Xarkovun “Fort” nəşriyyatında çapdan çıxmış kitab siyasətçilər, sosial elmlər sahəsinin mütəxəssisləri, humanitar ali məktəblərin tələbələri və bütövlükdə oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabda AZƏRTAC-ın fotoşəkillərindən istifadə edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev