SİYASƏT
Kiyevdə GUAM-ın Katibliyində Fövqəladə Hallar üzrə İşçi Qrupun iclası olmuşdur
Kiyev, 12 noyabr (AZƏRTAC). GUAM-ın katibliyindən AzərTac-a verilən məlumata görə, Təşkilatın Kiyevdəki mənzil-qərargahında Fövqəladə Hallar üzrə İşçi Qrupun 6-cı iclası olmuşdur.
Tərəflər GUAM üzvü olan ölkələrin qabaqcıl beynəlxalq təcrübədən istifadə etməsi və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən müştərək tədbirlərin hazırlanması və həyata keçirilməsi məsələlərini müzakirə etmişlər.
İşçi qrup GUAM üzvü olan dövlətlərin müvafiq bölmələrinin fövqəladə halların qarşısının alınması və onlara reaksiya sahəsində praktiki fəaliyyəti barədə informasiya mübadiləsi prosesini müzakirə etmişdir.
Nümayəndələr insanların kütləvi şəkildə toplaşdığı yerlərdə xilasetmə tədbirlərinin keçirilməsi üçün bölmələrin hazırlanmasına dair fikir mübadiləsi aparmış, idarələrarası qarşılıqlı fəaliyyətin təşkili sahəsində təcrübə mübadiləsi aparmağın məqsədəuyğun olduğunu bildirmişlər.
İclas iştirakçıları İşçi Qrupun “2011-ci ildə görülmüş işlər haqqında hesabatı” nı və “2012-ci il üçün iş planı”nı müzakirə etmiş və razılaşdırmışlar.
Görüşün yekununa əsasən protokol imzalanmışdır.
İşçi qrupun növbəti profil iclasını 2012-ci ilin mart ayında Kiyevdə keçirmək planlaşdırılır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev