DÜNYA
Kiyevdə Ukrayna prezidenti ilə AFR-in federal kanslerinin görüşü olub
Kiyev, 23 avqust (AZƏRTAC). Avqustun 23-də Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə bir günlük işgüzar səfərdə olan AFR-in federal kansleri Angela Merkel ilə görüşüb. Bu barədə AZƏRTAC Ukrayna dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verib.
P.Poroşenko federal kanslerin səfərinin Ukraynanın Dövlət Bayrağı Gününə təsadüf etməsi və Müstəqillik Günü ərəfəsində keçirilməsi faktının rəmzi xarakter daşıdığını bildirib. O qeyd edib ki, indi Ukrayna həmişəkindən daha həmrəydir və öz tarixində “çox faciəli sınaqdan” keçir.
Pyotr Poroşenko Angela Merkeli “Ukraynanın yaxşı dostu və güclü vəkili” adlandıraraq deyib ki, son iki ayda onlar 20 dəfədən çox əlaqə saxlayıblar və bu əlaqələr Ukraynanın öz mənafeyini müdafiə etməsinə çox kömək göstərib.
O, Ukrayna xalqını sülh və demokratiya səylərində dəstəklədiyinə görə Almaniyaya minnətdarlığını bildirib.
Anqela Merkel qeyd edib ki, Ukraynanın bu ağır vaxtlarında Kiyevdə Almaniyanın ona köməyi məsələlərini müzakirə etmək niyyətindədir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev