KOMPYUTER ASILILIĞI RUHİ POZUNTULAR SIRASINA DAXİLDİR
AZƏRTAC xəbər verir ki, Amerika psixiatrı Cerald Blok kompyuter asılılığını ruhi pozuntular sırasına daxil etmişdir. Oreqon Səhiyyə və Elm Universitetinin praktika ilə məşğul olan professoru C.Blok internetə qeyri-normal həvəsin çox geniş yayıldığını hesab edir və onun fikrincə, bu, “ruhi xəstəliklərin diaqnostikası və uçotu üzrə dərsliyə” daxil edilməyə layiqdir.
Cerald Blok internet asılılığının əsas meyarlarını müəyyən etmişdir: internetdə əylənmək məqsədi ilə şəbəkədə həftədə 30 saat və daha çox oturmaq, insanın kompyuterdən ayrıldığı halda onda əzabverici narahatlıq, eləcə də aqressivlik və ruh düşkünlüyü simptomlarının yaranması, xidməti və tədris tapşırıqlarının yerinə yetirilməməsi, öz kompyuterinə yeni-yeni proqramları yükləməklə ona daim təkmilləşdirmək istəyi.
Belə pasiyentlərin müalicəsi ona görə çətindir ki, onlar “sanki, özlüyündə”, yəni virtual gerçəklikdə yaşayırlar. Həm də kompyuter qarşısında uzun müddət oturmaq ümumi sağlamlıq üçün də zərərlidir. Həkim Blok internet asılılığının aradan qaldırılmasının üsullarından biri kimi həmin vəziyyətdən çıxış yolu axtaran, virtual ünsiyyətə deyil, canlı ünsiyyətə əsaslanan insanların toplaşdığı klubların sayını artırmağı təklif edir.