RƏSMİ XRONİKA
KONQRESMEN KURT UELDON: İLHAM ƏLİYEV DÜNYA SİYASƏTİNDƏ XÜSUSİ ÇƏKİSİ OLAN LİDERDİR
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV ABŞ KONQRESİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Həqiqətən, 5 dildə təmiz danışan və dünya siyasətində xüsusi çəkisi olan Sizin kimi liderlə ilk dəfədir ki, görüşürəm. Beləliklə, həqiqətən, böyük şərəf duyuram ki, dünyamiqyaslı liderlə görüşürəm.
Cənab Baş nazir, bundan əvvəl mən Sizin atanızla da görüşmüşəm və bu, məndə çox böyük təəssürat yaratmışdır. Mən indi də bu təəssüratların təsiri altındayam. Hazırda atanız ABŞ-da müalicədədir. Yalnız bizim qrup deyil, bütün amerikalılar dua edirlər ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönsün. Biz bunun üçün ABŞ-da əlimizdən gələni edirik. Birləşmiş Ştatların ən yaxşı həkimləri onun səhhətinə nəzarət edirlər. Ümid edirəm ki, cənab Prezident tezliklə sağalıb Vətənə dönəcəkdir.
Nümayəndə heyətimizin tərkibindən Sizə məlum olduğu kimi, onun üzvləri arasında həm respublikaçılar, həm də demokratlar partiyalarından konqresmenlər vardır. Onlar Nyu-York, Pensilvaniya, Florida, Texas ştatlarını təmsil edirlər. Bu insanların arasında mühafizəkar, liberal yönümlü siyasətçilər vardır. Lakin hamımızın məqsədi ondan ibarətdir ki, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında əlaqələrin inkişafında yeni səhifə açaq.
Tanınmış siyasətçi kimi Siz yaxşı bilirsiniz, Amerika Birləşmiş Ştatlarının siyasi sistemi elə qurulmuşdur ki, bizim ölkənin adından yalnız Prezident danışa bilir. O, olmadıqda, dövlət katibi və yaxud səfir ABŞ-ın mənafelərini təmsil edir. Eyni zamanda, konqresmenlər də Birləşmiş Ştatların adından danışa bilər. Bizim sistemə görə, Prezident Konqresdən yuxarı səviyyədə deyil, onunla eyni səviyyədədir. Ona görə də biz – konqresmenlər ABŞ-ın adından demək istəyirik ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlimizdən gələni etməliyik.
Bildiyiniz kimi, büdcə məsələləri barədə Prezident Konqresə müraciət edir və nə qədər vəsait ayırmağı Konqres özü müəyyənləşdirir. Yalnız bundan sonra hökumət nə qədər vəsait xərclənəcəyi barədə qərar qəbul edir ki, bu da konqresmenlərin müəyyənləşdirdiyi çərçivədə olur.
Deməliyəm ki, bu günə qədər Konqreslə Azərbaycan parlamenti arasında əlaqələr lazımi səviyyədə olmamışdır. Bir sıra ölkələrin parlamentləri ilə bizim yüksək əlaqələrimiz mövcuddur. On iki il bundan əvvəl mən Rusiya Dövlət duması ilə əlaqələr yaratmağa başlamışam. Bundan əlavə, bizim Ukrayna Ali Radası ilə, Yaponiya parlamenti, Almaniya Bundestaqı, İsrail Knesseti ilə yüksək səviyyədə əlaqələrimiz var. Təəssüflər olsun ki, indiyədək Azərbaycan Milli Məclisi ilə əlaqələr istənilən səviyyədə olmamışdır. Amma indi biz bu əlaqələri yaratmışıq. Bu əlaqələrin yaradılması bizim üçün çox vacibdir. Əlaqələrimizin inkişafı üçün xüsusi bir strukturun yaradılmasına ehtiyac vardır. Bu struktur həm də ikitərəfli münasibətlərin qurulmasına məsuliyyət daşımalıdır.
Bizim ölkənin siyasi sisteminin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Prezident iki dəfədən artıq olmamaqla, 4 il müddətinə seçilir, dövlət katibi isə üç dəfə seçilə bilər. Lakin bizim nümayəndə heyətində elə konqresmenlər vardır ki, artıq 20 ildir bu vəzifəni daşıyırlar. Mənim özüm 17 ildir ki, konqresmenəm. Bu, uzun müddətdir. Həmin müddət ərzində həm ölkəni yaxşı tanımaq olur, həm də uzunmüddətli layihələri həyata keçirmək mümkündür.
Azərbaycan parlamenti ilə yaratdığımız struktur ölkəniz haqqında kifayət qədər məlumatlar toplamağa və fəaliyyətimizi istənilən səviyyədə qurmağa imkan verəcəkdir. Artıq Konqresdə Azərbaycanla əlaqələrə cavabdeh olan bir qurum formalaşmışdır ki, bu, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Bu qurum Azərbaycan haqqında məlumatları öyrəndikdən sonra digər konqresmenləri burada olan vəziyyətlə tanış edəcək və ölkənizə olan maraq daha da artacaqdır. Biz Azərbaycanla əlaqələri inkişaf etdirməyi bundan başlamaq istəyirik.
Mən 17 il bundan əvvəl Konqresə seçilərkən konqresmenlərin bir çoxu Azərbaycanın harada olduğunu xəritədə göstərə bilmirdilər. İndi isə konqresmenlər ölkəniz haqqında kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bizim bu işə kifayət qədər köməyimiz ola bilər. Əgər biz Azərbaycan haqqında ədalətli və düzgün fikir formalaşdıra biləriksə, bu, ölkələrimiz arasında münasibətlərin inkişafında önəmli rol oynayacaqdır.
Biz fəaliyyətimizi bütün sahələrə yönəltməyi planlaşdırırıq. Kənd təsərrüfatı, səhiyyə, təhsil, iqtisadiyyat, ekologiya, müdafiə, mədəniyyət sahələrində əməkdaşlıq olduqca vacibdir. Biz belə hesab edirik ki, ölkələrimizin universitetlərini, təhsil ocaqlarını bir-birinə yaxınlaşdırmalıyıq. Həkimlər arasında praktikanı təkmilləşdirmək üçün onların işbirliyini təşkil etməliyik. Bundan başqa, qeyri-hökumət təşkilatları arasında sıx əlaqələr qurulmalıdır. Bütün bunların həyata keçirilməsi üçün imkanlarımızdan istifadə edərək, lazımi fondların yaradılmasını düşünürük. Bu fondların köməyi ilə ölkənizdə adı çəkilən sahələr lazımi səviyyəyə çatdırılacaqdır.
Cənab Baş nazir, bizim bu səfərimiz tamamilə xalq tərəfindən maliyyələşdirilmişdir. Səfəri maliyyələşdirən “Vətəndaş və İnkişaf Fondu” heç də ABŞ hökumətinin təşəbbüsü ilə bizə vəsait ayırmamışdır. Bu, Konqresin təşəbbüsü ilə ayrılan vəsaitdir və əsas məqsəd ondan ibarətdir ki, biz Sizin ölkədə olan tədqiqatçılara yaxından kömək edək və onlar bizim mütəxəssislərlə yeni texnologiyaların inkişafını təmin etmək sahəsində birlikdə işləsinlər. Sizə məlum olduğu kimi, yeni texnologiyaların inkişafı yeni iqtisadi imkanlar deməkdir. Təkrar etmək istəyirəm ki, bu, heç də Ağ evin deyil, Konqresin təşəbbüsüdür. Biz fəaliyyətimizi məhz bu cür imkanlar hesabına qurmaq istəyirik.
Sonda onu bildirmək istəyirəm ki, mənim Moskvada olan həmkarım Adil Bağırov bizi əmin etdi ki, mütləq Azərbaycana səfər etmək lazımdır. Deməliyəm ki, bundan əvvəl biz altı ölkədə olduq, lakin Azərbaycandakı qədər qonaqpərvərlik görməmişik. Biz burada Amerika ilə möhkəm əlaqələr yaratmaq arzusu ilə rastlaşdıq.
Cənab Baş nazir, liderliyinizə və ölkənizi inkişafa apardığınıza görə Sizə minnətdarlığımı bildirirəm.
Sonra Demokratlar partiyasından Konqresin üzvü SOLOMON ORTİZ çıxış edərək dedi:
-Cənab Baş nazir, mən də səmimi qəbula görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Düşünürəm ki, bu görüş ölkələrimiz arasında münasibətlərin tarixi bir dönəmində baş verir. Hər hansı bir işə başlamazdan əvvəl, ilk addım həmişə çox böyük əhəmiyyətə malikdir. Bu əlaqələri inkişaf etdirməkdə məqsədimiz ölkələrimiz üçün ən vacib məsələləri müəyyənləşdirməkdir. Deməliyəm ki, səfir Ueldon və mən eyni qrupda çalışırıq. Bu, Sinqapur qrupudur. Birləşmiş Ştatlar nəhəng dövlət olmasına baxmayaraq, bizim yalnız dörd ticarət razılığımız vardır. Bunun səbəbi ondan ibarətdir ki, bizə qarşı müxtəlif mənbələrdən müqavimət var. Sinqapurla, Çinlə hər iki tərəfdən razılıq olduğuna görə, biz ticarət müqaviləsi bağlamışıq. Bu ölkələrdən əlavə, Rumıniya və Tayvanla olan ticarət əlaqələrimizi digər ölkələrə də şamil etmək istərdik.
Bizim aramızda oxşarlıq ondan ibarətdir ki, mənim seçildiyim Texas ştatında da həm dəniz, həm də neft vardır. Biz ölkələrimiz arasındakı münasibətlərin mümkün qədər möhkəmlənməsini istəyirik.
Cənab Baş nazir, bir daha Sizə təşəkkür edirəm.
Nümayəndə heyətinin başçısı KURT UELDON təkrar söz alaraq dedi:
-Cənab Baş nazir, bir daha bu görüşə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Bilirəm ki, Sizin vaxtınız çox məhduddur, lakin bu sözləri Sizə çatdırmağı lazım bildik.
Sizi yeni təyinatınız münasibətilə bir daha təbrik edirəm. Biz bilirik ki, Siz bu vəzifənin öhdəsindən layiqincə gələcəksiniz. Əminəm, bir çox ölkələrin xalqları arzulayırlar ki, onların da Sizin kimi bacarıqlı, beş dildə danışa bilən, müxtəlif mövzulara dair geniş bilgilərə malik, geniş dünyagörüşlü bir lideri olsun. Hesab edirəm ki, bu sarıdan Azərbaycan xoşbəxt ölkədir, çünki bu ölkəyə Sizin kimi lider qismət olmuşdur. Azərbaycan indi tarixi bir dövrünü yaşayır. Ölkənizin yeni bir dövrə qədəm qoyduğu bir vaxtda xalqınıza məhz Sizin kimi lider lazımdır. İnanıram ki, Siz Azərbaycana layiqincə xidmət edəcək, ölkənizə atanız qədər sadiq olacaqsınız, onun inkişafını təmin edəcəksiniz. Xüsusilə seçkilər ərəfəsində Sizin kimi bacarıqlı və savadlı adamın ölkəyə rəhbərlik etməsi böyük əhəmiyyət daşıyır. İnanıram ki, qarşıdakı seçkilər də yüksək səviyyədə keçəcəkdir.
Yenə də hamımız bu görüşə görə Sizə minnətdarlığımızı bildiririk və atanızın tezliklə sağalması üçün dua edirik.
Baş nazir İLHAM ƏLİYEV səmimi sözlər üçün qonaqlara təşəkkür edərək dedi:
-Çox sağ olun. İcazə versəniz, mən bildiyim dillərin birində, çox sevdiyim ingilis dilində cavab verərdim. Xoş sözlərinizə, atam haqqındakı sözlərinizə görə minnətdarlığımı bildirirəm. O, indi Birləşmiş Ştatlarda müalicədədir. Azərbaycan xalqı, bizim ailəmiz və mən bu çətin günlərdə ona göstərilən qayğıya görə Birləşmiş Ştatlara minnətdarıq. Prezidentin səhhəti yaxşılığa doğru dəyişir, o, çox yaxşı müalicə alır. Biz ümid edirik ki, tezliklə Vətənə qayıdacaqdır. Azərbaycanın ona ehtiyacı var və bundan sonra da uzun illər boyu ehtiyacı olacaqdır. Məhz onun liderliyi sayəsində müasir ölkə, müasir Azərbaycan yarandı.
Siz dediniz ki, altı ölkədə olmusunuz və Azərbaycan onların arasında sizə ən yaxşı təəssürat bağışlayıbdır. Təsəvvür edə bilərsiniz ki, biz bunu eşitməkdən nə qədər qürur hissi keçiririk. Bunların hamısı cənab Prezidentin liderliyi, onun fəaliyyəti nəticəsində başa gəlmişdir və bütün bunlar tariximizin çox cətin, bəzən dramatik və təhlükəli dönəminə təsadüf edirdi. Ümidvarıq ki, həmin cətin, qeyri-sabit və qarmaqarışıq dövr, iqtisadi və sosial böhran həmişəlik olaraq keçmişdə qalacaqdır. Biz gələcəyə nikbin baxırıq, müasir, sivil, demokratik ölkə qurmaq üçün yaxşı potensialımız, möhkəm iradəmiz lazımdır. Mənim haqqımda söylədiyiniz sözlərə görə sizə çox minnətdaram. Dedikləriniz mənim üçün çox önəmlidir və fəaliyyətim boyu çalışacağam ki, mənə inanan adamları daim sevindirim.
Cənab konqresmen, siz ABŞ Konqresinin rolunu qeyd etdiniz. Biz Konqresin nə dərəcədə vacib rol oynadığını bilirik və hesab edirik ki, onunla qarşılıqlı münasibətlər, əlaqələr və anlaşma çox vacibdir. Birləşmiş Ştatların hökuməti ilə də bizim çox gözəl münasibətlərimiz var. Son zamanlar həyata keçirilən birgə tədbirlər bizim nə dərəcədə yaxın
olduğumuzu və Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.
Lakin keçmişdə, Azərbaycan hələ yenicə müstəqil dövlət kimi tanındıqda ABŞ-da bizim haqqımızda kifayət qədər məlumat yox idi. Bundan əlavə, bəziləri, yumşaq desək, Azərbaycana dost münasibətləri olmayanlar, bəzi lobbiçilər bizim tanınmağımızda çox mənfi rol oynadılar. Bilirik ki, Konqresin hər dəfə qəbul etdiyi qərarı dəyişmək nə dərəcədə çətindir. Mən 907-ci maddəni nəzərdə tuturam. Buna görə də bütün bu müddət ərzində biz çalışmışıq ki, Birləşmiş Ştatlar Konqresi ilə münasibət yaradaq, bizim mövzumuzu, mövqeyimizi onun gündəliyinə gətirək. Bu nöqteyi-nəzərdən bu gün burada baş verən hadisə, özünüzün dediyiniz kimi, tarixi andır. Bu gün iki parlament arasında əlaqələrin yeni mərhələsi başlayır. Biz bu əlaqələrin gələcəyinə nikbin baxırıq. Əminəm ki, Konqres üzvləri ilə Milli Məclis üzvlərinin birbaşa münasibətləri daha çox anlaşıqlığa səbəb olacaqdır. Düşünürəm ki, ölkəmizə nəyin lazım olduğu, məqsədimizin nədən ibarət olduğu, hansı yolda olduğumuz başa düşüləcəkdir.
Bu qrupun geniş səpkidə fəaliyyət göstərmək, yəni, bizin üçün adi, gündəlik xarakter daşıyan işlərlə yanaşı, kənd təsərrüfatından təhsilə qədər digər sahələrlə də məşğul olmaq niyyəti bizi ruhlandırır. Hesab edirəm ki, birgə məqsədlərə nail olmaq üçün əlbir işləməyin böyük potensialı vardır.
Vaxt tapıb ölkəmizə gəldiyinizə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm. Belə səfərlər nə qədər çox olarsa, insanlarımız, qanunverici orqanların üzvləri bir-birlərini daha çox anlayarlar. Birləşmiş Ştatlarla münasibətlər Azərbaycan üçün ən böyük prioritet təşkil edir. ABŞ bizim üçün strateji tərəfdaşdır. Bu seçimi biz on il bundan əvvəl etmişik və bu müddətdə etibarlı tərəfdaş olduğumuzu yalnız sözdə deyil, əməli işdə də sübuta yetirmişik. Biz göstərmişik ki, Birləşmiş Ştatlarla dost ölkəyik.
Bir daha sağ olun, sizə uğurlar arzulayıram.
X X X
Görüşün sonunda ABŞ Konqresi nümayəndə heyətinin başçısı Kurt Ueldon Baş nazir İlham Əliyevə hədiyyələr təqdim edərək dedi:
-İcazənizlə, bu hədiyyəni Sizə təqdim edərdim. Siz özünüz də Milli Məclisin üzvüsünüz. Ona görə də, bu hədiyyə həmkar hədiyyəsidir. Baxmayaraq ki, Siz Baş nazir vəzifəsini daşıyırsınız, Konqresin adından Sizə hədiyyələr təqdim edirəm. Bunların üzərində Konqresin möhürü vardır. Bu möhür rəmzi xarakter daşıyır. Həm Sizə, həm də xalqınıza bizim dostluq münasibətimizi bildirir və yeni, gələcək əlaqələrin rəmzini ifadə edir.
X X X
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Araz Əzimov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Nənsi MakEldauni görüşdə iştirak edirdilər.
X X X
Görüşdən sonra Baş nazir İLHAM ƏLİYEV jurnalistləri maraqlandıran suallara cavab verdi.
SUAL: İlham müəllim, cənab Prezidentlə bağlı son məlumatları öyrənmək istərdik. Belə bir xəbər yayılıb ki, guya Gülhanədə müalicəni gecikdiriblər. Bu, doğrudurmu?
CAVAB: Cənab Prezidentin səhhəti günü-gündən yaxşılaşır, müalicə davam edir. Ancaq hələ müalicəyə ehtiyac vardır. Yaxşılığa doğru çox müsbət dəyişikliklər müşahidə olunur. Mən də bir neçə gün Amerikada olarkən cənab Prezidentlə birlikdə idim, onunla bütün məsələləri müzakirə edirdik, onun üçün videomateriallar aparmışdım. Bu, Azərbaycanın xalq mahnılarından ibarət idi. Hər şey yaxşı gedir, narahatlığa heç bir əsas yoxdur. İnanıram ki, yaxın vaxtlarda cənab Prezident Vətənə dönəcəkdir. Hesab edirəm ki, o, sağlamlığını tam bərpa edib Vətənə dönməlidir, müalicəni yarıda saxlamaq lazım deyildir.
SUAL: Siz ABŞ-da apardığınız danışıqlarda Dağlıq Qarabağla bağlı məsələləri müzakirə etdinizmi?
CAVAB: Əlbəttə, bu barədə söhbətimiz olmuşdur. ABŞ bu məsələyə çox ciddi yanaşır. Biz hamımız başa düşürük ki, bu problem həll olunmasa, regionda sülhdən söhbət gedə bilməz. Regionda sülhün yaranması həm bizim üçün, həm Ermənistan üçün, həm də ABŞ üçün lazımlıdır. Əminəm ki, Birləşmiş Ştatlar bu istiqamətdə öz səylərini davam etdirəcəkdir. Yəqin ki, seçkilərdən sonra hər hansı bir real addımlardan söhbət gedə bilər.
SUAL: İlham müəllim, növbəti əfv Fərmanından sonra Avropa Şurası Parlament Assambleyasında münasibət necə olacaqdır?
CAVAB: Yəqin ki, yaxşı olmalıdır. Əlbəttə, əfv Fərmanı bizim tərəfimizdən atılan böyük bir addımdır. Hər dəfə belə bir addım atılanda Avropa Şurası bunu qiymətləndirir. Hesab edirəm ki, münasibət yaxşı olmalıdır.
SUAL: İlham müəllim, apardığınız seçkiqabağı videomateriallardan cənab Prezidentin xoşu gəldimi?
CAVAB: O, təkcə seçkiqabağı materiallar deyildir. Bizim mahnılarımız, Azərbaycanda bəzi hadisələrin videoyazıları onun xoşuna gəlmişdir.
SUAL: Ola bilərmi ki, YAP-ın iki namizədindən biri könüllü olaraq öz namizədliyini geri götürsün və yaxud YAP-dan vahid namizəd kimi Siz seçiləsiniz?
CAVAB: Mən hesab edirəm ki, seçkilərdə vahid namizəd kimi Heydər Əliyev iştirak edəcəkdir. Məndə buna tam əminlik vardır. Əsas məsələ odur ki, onun səhhəti buna imkan versin. Mən əminəm ki, səhhəti buna imkan verəcək, həkimlərin rəyi də məhz belədir.