CƏMİYYƏT
Konstitusiya Məhkəməsində keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibi məlum olub
![](/files/galleryphoto/2023/3/1200x630/1703246403137464692_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17032464034930416131_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703246403491807827_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1703246403793723382_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17032464035539330280_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17032464034187224065_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17032464034693516645_1200x630.jpg)
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 9-cu buraxılışının final mərhələsi keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. C.Qaracayev diqqətə çatdırıb ki, ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası tələbələrin inkişafında müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, belə yarışlarla tələbələr nəzəriyyədə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etməyi öyrənirlər. Ümid edirəm ki, bu qəbildən olan layihələr davamlı olacaq.
Sonra çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Rödl & Partner” şirkətinin partnyoru, vəkil Elçin Usub bildirib ki, Kollegiya ilə ELSA Azərbaycan arasında qurulan səmərəli əməkdaşlıq uğurla davam edir. O, artıq uzun illərdir ki, Kollegiya ilə ELSA arasında əməkdaşlıq münasibətlərinin olduğunu deyib. E. Usub bildirib ki, Kollegiya hər zaman gənclərə dəstək olmağa hazırdır.
Qeyd edək ki, final mərhələsində ərizəçi kimi “Stronsium”, dövlət tərəfinin nümayəndəsi olaraq isə “Libertas” komandası çıxış ediblər.
Finalçıların çıxışları hakimlər tərəfindən qiymətləndirilib və nəticədə “Libertas” komandasının üzvləri qalib elan olunub. “Stronsium” komandasının üzvləri isə ikinci yerə layiq görülüblər.
Müsabiqənin sonunda qaliblərə 500 manat dəyərində mükafat, sertifikat, kubok təqdim edilib. Bundan əlavə, birinci yerin qaliblərinə “Rödl & Partner” konsaltinq şirkətində təcrübə imkanı yaradılacaq. İkinci yerin qaliblərinə isə 250 manat dəyərində pul mükafatı, kouçinq seansı və sertifikat verilib.
Tədbirdə, həmçinin “Ən yaxşı natiq” müəyyən olunub və qiymətləndirilmənin nəticəsində həmin nominasiyaya “Libertas” komandasının üzvü Kənan Bağırov layiq görülüb.