CƏMİYYƏT
Könüllü həkim: Xalqımızın ən ağır günlərində bu peşəni layiqincə təmsil etdiyimə görə qürur duyuram
Bakı, 19 dekabr, AZƏRTAC
“Mən Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının bir üzvüyəm. Xalqımızın ən ağır günlərində könüllü həkim kimi iştirak etdiyimə və bu peşəni layiqincə təmsil etdiyimə görə qürur duyuram”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında könüllü həkim, stomatoloq Amil Balayev deyib.
O bildirib ki, könüllü həkimlərimiz canlarından keçərək xalqımızın övladlarının, qazilərimizin sağlamlığı keşiyində mükəmməl şəkildə dayanıblar: “Hər zaman könüllü həkim olaraq biz buna hazırıq. Bu şərəfli peşəni yerinə yetirməyə, xalqımıza, dövlətimizə lazımi xidməti göstərməkdə qürur duyuruq. Könüllü həkimlərimizin mürəkkəb bir şəraitdə öz peşəsini yerinə yetirməsi, ən qaynar nöqtələrdə - arxa cəbhədə də iştirak etməsi həqiqətən də peşələrini ali səviyyədə təmsil etməsinin bariz nümunəsidir. Mən də bir könüllü həkim kimi vəzifə borcumu yerinə yetirməklə yanaşı, bütün bu xidmətlərdə iştirak etdiyimə görə qürur hissi duyuram”, - deyə könüllü həkim əlavə edib.