CƏMİYYƏT
Korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər görülüb
Bakı, 17 iyul (AZƏRTAC, Məmməd İsayev). Cari ilin altı ayı ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir sıra qabaqlayıcı tədbirlər görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında deyib.
K.Əliyev vurğulayıb ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq müddəalarının icrası qaydasında məktəbəqədər təhsil, bank, ekologiya və digər sahələrdə xarakterik korrupsiya hüquqpozmalarının aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə dair təkliflər hazırlanaraq aidiyyəti təşkilatlara göndərilib. Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib.