“Kosmosu mənə göstər” müsabiqəsinin nəticələri açıqlanıb
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Kosmosu mənə göstər” müsabiqəsinin nəticələrinə həsr olunan tədbir keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, akademiyanın müxbir üzvü Namiq Cəlilov açaraq məktəblilər arasında bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, uşaq və yeniyetmələrdə astronomiyaya dair dünyagörüşün formalaşdırılması onların gələcək inkişafında mühüm rol oynayacaq.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək ölkəmizdə elmin inkişafı istiqamətində dövlət siyasətindən, həyata keçirilən layihələrdən danışıb: “Respublikamızda digər sahələrdə olduğu kimi elm sahəsində də davamlı inkişaf mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu hər il müxtəlif elm sahələri üzrə müsabiqə və layihələr həyata keçirir. Məqsəd ölkəmizdə elmin inkişafını və təbliğini təmin etməkdir”.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam İlham Səfərli tədbir iştirakçılarına 1987-ci ildə Moskva şəhərində yerləşən Kosmonavtların Hazırlaşdırma Mərkəzinin (Ulduz şəhərciyi) sərgi salonunda nümayiş olunmuş əsərləri haqqında məlumat verib.
Tədbirdə Bakı şəhər məktəblərində yerləşən RUGİM-nin Ekoklublarının üzvləri arasında 12 aprel - Kosmonavtika Gününə həsr olunmuş “Kosmosu mənə göstər” müsabiqəsinin videoçarxları nümayiş olunub.
Sonda müsabiqədə fərqlənən 56 məktəbliyə sertifikatlar, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Kosmosu mənə göstər” kitabı təqdim olunub. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutan məktəblilər Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomu və “Azərkosmos” ASC-nin hədiyyələri ilə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə reallaşıb.