SİYASƏT
Krım Parlamenti qondarma “erməni soyqırımı”nın tanınması barədə qərarı ləğv etməyə hazırlaşır
Bakı, 18 aprel (AZƏRTAC). Krım parlamenti qondarma “erməni soyqırımı”nın tanınması barədə qərarı ləğv etməyə hazırlaşır. Krımın Azərbaycanlılar İcmasının rəhbəri Rəhim Hümbətov AZƏRTAC-a bildirmişdir ki, bu barədə Krım Muxtar Respublikası Ali Radasından ona ünvanlanmış məktubda məlumat verilir.
Məktubda deyilir: “Krım Muxtar Respublikası Prokurorluğunun məktubuna Krım Muxtar Respublikası Ali Radasının Normayaratma fəaliyyəti və hüquqi məsələlər üzrə Daimi Komissiyası tərəfindən baxılmasının nəticələrinə əsasən, Krım Muxtar Respublikası Ali Radasının “Krım Muxtar Respublikası Ali Radasının “Erməni xalqının faciə günü haqqında”19.05.2005-ci il tarixli 1322/4-05 №-li qərarının ləğv edilməsi” barədə Qərarının layihəsi hazırlanmışdır.
Krımın Azərbaycanlılar İcması bundan əvvəl fevralın 26-nın Xocalı Qırğını Qurbanlarının Xatirəsi Günü elan olunması barədə xahişlə Krım parlamentinə müraciət etmişdir. Buna cavab olaraq, “Ali Radanın fevralın 26-nın Xocalı Qırğını Qurbanlarının Xatirəsi Günü elan olunması barədə qərar qəbul etmək üçün müvafiq səlahiyyətlərə malik olmaması” bildirilmiş və bununla əlaqədar çoxlu dəlillər göstərilmişdi. Buna cavab olaraq Azərbaycan icması “Erməni xalqının faciə günü” haqqında qərarı misal göstərmiş və bunu anlamaq mümkün olmadığını bildirmişdi. Ali Radanın Hüquq İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və qəbul edilmiş qərar təhlil olunaraq yuxarıda göstərilən qərarın qanunsuz və konstitusiyaya zidd olması barədə qətnamə çıxarılmışdı.
Bundan sonra Krım prokurorluğu parlamentə məktub göndərərək, adı çəkilən qərarı Ukrayna qanunvericiliyinə uyğunlaşdırmağın zəruri olduğunu göstərmişdi. Krımın azərbaycanlılar icması da öz növbəsində təkid etmişdir ki, Krım parlamenti ya fevralın 26-nın Xocalı Qurbanlarının Xatirəsi Günü elan olunması barədə qərar qəbul etməli, ya da 1322/4-05 №-li qərarı ləğv etməlidir.
Azərbaycan icmasının rəhbəri bildirmişdir: “Biz parlamentdən məlumat almışıq ki, Ali Radanın 1322/4-05 №-li qərarının ləğv edilməsi haqqında qərar layihəsi hazırlanmışdır. Güman edirik ki, bu layihə, məktubda göstərildiyi kimi, Krım Ali Radasının Reqlamentində nəzərdə tutulan proseduru keçəcək və parlamentin müzakirəsinə veriləcəkdir”.