İDMAN
Las-Veqas 2020-ci ilin Yay Oyunları ilə əlaqədar ABŞ Olimpiya Komitəsinin rədd cavabına məhəl qoymur
Bakı, 2 sentyabr (AZƏRTAC). Las-Veqas şəhərinin hakimiyyət orqanları 2020-ci ilin Yay Olimpiya Oyunlarının keçirilməsi hüququ uğrunda mübarizədən imtina etmiş ABŞ Olimpiya Komitəsinin qərarına tabe olmamışdır.
Avqustun 26-da ABŞ Olimpiya Komitəsinə və Beynəlxalq Olimpiya Komitəsinə 2020-ci ildə Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Las-Veqasın sifariş komitəsinin sifarişi şəklində məktublar göndərilmişdir.
Məktubun mətni olimpiya hərəkatına və oyunlarına dair informasiyanın toplanması və dərc edilməsi ilə məşğul olan Gamesbids.com internet-saytı tərəfindən yayılmışdır.
Las-Veqasdan başqa Nyu-York, Çikaqo və Dallas şəhərləri də 2020-ci il Olimpiadasını keçirmək iddiasında idilər. Avqustun 22-də ABŞ Olimpiya Komitəsi mübarizə aparmaqdan imtina etməyi qərara aldığını elan etmişdir.
O zaman milli komitənin rəsmi nümayəndəsi Patrik Sanduski demişdi: “Mən təsdiq edə bilərəm ki, ABŞ 2020-ci ilin oyunlarını keçirmək hüququ uğrunda mübarizə aparmayacaqdır”.
Milli olimpiya komitələri 2020-ci il oyunlarının keçirilməsi üçün öz namizədlərini sentyabrın 1-dək təqdim etməli idilər. Sanduskinin sözlərinə görə, məhz bu fakt ABŞ üçün həlledici olmuşdur.
O, izahat verərək demişdir: “Belə az vaxt qaldığı bir zamanda biz hesab etmirik ki, qələbə iddiası ilə birgə sifariş verə bilərik”.
ABŞ Olimpiya Komitəsi təsdiq edir ki, Las-Veqasın demarşına baxmayaraq, imtina qərarı qüvvədə qalır.