DÜNYA
Latviyada strateji kommunikasiya məsələləri üzrə NATO-nun peşəkar mərkəzi yaradılacaqdır
Riqa, 9 aprel (AZƏRTAC). Aprelin 8-dən 10-dək Riqada NATO-nun strateji kommunikasiya məsələləri üzrə peşəkar mərkəzinin yaradılması mövzusunda konfrans keçirilir.
NATO-nun Avropadakı müttəfiqləri olan qüvvələrin ali komandanlığının və NATO-nun transformasiyası üzrə komandanlığın vəzifəli şəxslərinin, habelə NATO iştirakçısı olan ölkələrin - ABŞ, Danimarka, Estoniya, Almaniya, İtaliya, Litva, Polşa, Böyük Britaniya, Norveç, Fransa və Latviyanın nümayəndələrinin iştirakı ilə keçirilən konfransın məqsədi qabaqcıl mərkəz yaradılmasına dair sənədlərin məzmununu razılaşdırmaqdan ibarətdir.
Aprelin 8-də Latviya Xarici İşlər Nazirliyinin dövlət katibi Andreys Pildeqoviçs NATO-nun strateji kommunikasiya məsələləri üzrə peşəkar mərkəzinin yaradılması mövzusunda konfransda iştirak etmək üçün Riqaya gəlmiş NATO strukturlarının və alyansın iştirakçısı olan ölkələrin nümayəndələri ilə görüşmüşdür.
A.Pildeqoviçs vurğulamışdır ki, yaxın vaxtlarda Latviya özünün Şimali Atlantika Müqaviləsi Təşkilatında üzvlüyünün 10 illiyini qeyd etmişdir. NATO dönə-dönə sübut edir ki, o, dünya tarixində ən qüdrətli hərbi alyansdır.
Latviya XİN-in dövlət katibi demişdir: “Bununla belə, Ukraynada baş verən hadisələr bizə xatırladır ki, təhlükəsizlik sahəsində vəziyyət dəyişir və biz yeni təhdidlərə cavab verməyə hazır olmalıyıq. Belə problemlərdən biri də hər hansı böhranlı vəziyyətdə getdikcə daha artıq əhəmiyyət kəsb edən informasiya-kommunikasiya məkanı problemidir. NATO iştirakçısı olan ölkələr bu sahədə səylərini birləşdirsələr, onların potensialı daha da artar. Latviya bu məqsədə nail olmaq üçün sanballı töhfə vermək əzmindədir”.
Nəzərdə tutulmuşdur ki. Bu məsələdə marağı olan NATO üzvləri 2014-cü ilin ortalarında mərkəzə qoşulacaq, sentyabr ayında isə mərkəz NATO-dan akkreditasiya alacaqdır. Belə bir mərkəz yaradılmasına dair birinci konfrans 2013-cü ilin oktyabr ayında keçirilmişdir. Latviya 2012-ci ilin axırlarında bəyan etmişdir ki, onun məqsədi Riqada strateji kommunikasiya məsələlərinə dair mərkəz yaratmaqdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa