ELM VƏ TƏHSİL
Lənkəran Dövlət Universitetində “Müasir elmin aktual problemləri” mövzusunda konfrans keçiriləcəkdir
Bakı, 11 aprel (AZƏRTAC). Mayın 8-də Lənkəran Dövlət Universitetində (LDU) bu ali təhsil müəssisəsinin, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir elmin aktual problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
LDU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunur.
Konfransın işi “Tarix və siyasi elmlər”, “Filologiya”, “Pedaqogika və psixologiya”, “Fizika, riyaziyyat və informatika”, “Kimya və biologiya”, “Coğrafiya və ekologiya”, “İqtisadiyyat və idarəetmə” bölmələrində keçiriləcəkdir.
Maraqlananlar məruzə və tezislərini aprelin 25-dək Təşkilat Komitəsinə və ya [email protected] elektron ünvanına göndərməlidirlər.
Konfransın materialları toplu şəklində çap olunacaqdır.
Ətraflı məlumatı LDU-nun rəsmi saytında əldə etmək olar.