Lənkəran məktəbliləri cinayətkarlığın artmasına təkan verən narkomaniya barəsində məlumatlandırılıblar
Bakı, 13 aprel, AZƏRTAC
Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüşlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu silsilədən olan növbəti tədbir Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xanbulan kənd tam orta məktəbində təşkil edilib.
Çıxış edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə geniş məlumat verib.