CƏMİYYƏT
Lənkəranda keçirilən tədbirdə narkotiklərin insanların sağlamlığına ziyanı barədə məlumat verilib
Bakı, 1 noyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə tədbir təşkil edib.
Dövlət Komissiyasının İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat verib və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Eyni zamanda, belə tədbirlərə ictimaiyyətin nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi barədə tövsiyələr də diqqətə çatdırılıb.
Yekunda şəhər komissiyasına metodiki kömək göstərilib və onlar zəruri əyani vəsaitlərlə təmin olunub.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları, şəhər komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak ediblər.