ELM VƏ TƏHSİL
Lisey və gimnaziyalara qəbul şərtləri dəyişdirilib
![Lisey və gimnaziyalara qəbul şərtləri dəyişdirilib](/files/2022/3/1200x630/1665566459751647710_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən bildirilib. Dəyişikliklərə əsasən, lisey və gimnaziyaların istiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq, tədris dili üzrə tapşırıqlar oxuyub-anlama bacarıqları və dil qaydalarına dair biliklərin ölçülməsi istiqamətində, riyaziyyat fənni üzrə tapşırıqlar isə müvafiq siniflər üzrə riyazi bilik və bacarıqların, eyni zamanda, şagirdlərdə riyazi təfəkkürün ölçülməsi istiqamətində hazırlanacaq. Bundan başqa, lisey və gimnaziyalara qəbul təyinat və istiqamətindən asılı olaraq V-VIII siniflər üzrə aparılacaq. Lisey və gimnaziyalara mərkəzləşmiş qəbul imtahanı üçün qeydiyyat şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsilə (sy.edu.az) aprel-may aylarında, imtahan isə iyun ayında təşkil ediləcək.
Qeyd edək ki, artıq bir neçə ildir lisey və gimnaziyalara qəbul imtahanları mərkəzləşmiş qaydada aparılır. Belə ki, şagirdlər qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak edir və sonda nəticələrinə uyğun olaraq lisey və ya gimnaziya seçimi edirlər. Cari tədris ili üçün Bakı şəhəri və bölgələrdə yerləşən bir çox lisey və gimnaziyaya qəbul da mərkəzləşmiş qaydada təşkil edilib. İmtahanlarda iştirak üçün 19 minə yaxın şagird qeydiyyatdan keçib və 2638 şagird uğur qazanıb.