İDMAN
London Yay Olimpiya Oyunlarında kişilərin boks yarışında yarımfinalçılar müəyyənləşmişdir
Bakı, 10 avqust (AZƏRTAC). London Yay Olimpiya Oyunlarında kişilərin boks yarışında yarımfinalçılar müəyyənləşmişdir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, bu idman növündə hansı ölkənin neçə medal qazandığını müəyyənləşdirmək olar. Qalır təkcə həmin medalların əyyarına ki, bu isə yalnız finaldan sonra bilinəcəkdir.
Yarımfinalda ən çox təmsilçisi olan ölkə Ukraynadır. Son dünya çempionatında ümumkomanda hesabında birinci yeri tutan baş məşqçi Dmitri Sosnovskinin komandasının 5 üzvü artıq medalı özünə təmin etmişdir. İkinci yerdə 4 medalla Rusiya və Kuba komandalarıdır. İrlandiya, Böyük Britaniya, İtaliya və Qazaxıstanın 3 boksçusu yarımfinala vəsiqə qazanmışdır.
Azərbaycan milli komandasının 2 üzvü - Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Komandamız Braziliya, Yaponiya və Monqolustanla birgə 8-11-ci yerləri bölüşürlər.
Qeyd edək ki, postsovet məkanı ölkələri arasında yalnız Rusiya, Ukrayna, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Litva boks idman növündə Olimpiya medalı qazanacaqdır.