CƏMİYYƏT
Qəhvə Parkinson xəstəliyindən qorunmağa kömək edə bilər

Bakı, 25 may, AZƏRTAC
“Neurology” jurnalında dərc edilən araşdırma qəhvə ilə Parkinson xəstəliyi arasında əlaqə olduğunu göstərir.
AZƏRTAC “science alert” saytına istinadla xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu orta hesabla 13 il ərzində 184 mindən çox insanın sağlamlıq məlumatlarına nəzər salaraq, qəhvədən mütəmadi istifadə edənlərin Parkinson xəstəliyinə tutulma riskinin nisbətən daha az olduğunu aşkarlayıb.
Bu xəstəlikdən əziyyət çəkən yüzlərlə insanın qanda kofein, paraksantin və teofilinin əsas metabolitlərinin ölçülən səviyyələri Parkinson xəstəliyinin inkişaf riski ilə tərs əlaqəsi olduğunu göstərib.
Bu, qəhvə və Parkinson xəstəliyi arasında əlaqəni üzə çıxaran ilk araşdırma deyil, lakin xəstəyə diaqnoz qoyulmazdan əvvəl kofein qəbulunun biomarkerlərinə baxmaq əvvəlki tədqiqatlardan irəli gəlir. Qəhvə içənlərin 25 faizində bu xəstəliyə tutulma ehtimalı ümumiyyətlə içməyənlərlə müqayisədə 40 faiz azdır.
Kofeinin neyronlarımıza necə təsir etdiyini nəzərə alsaq, neyrodegenerativ xəstəliklərlə əlaqənin olması təəccüblü deyil. Xəstəlik sinir hüceyrələrinin itirilməsi səbəbindən dopaminin azalması ilə xarakterizə olunur .
Parkinson xəstəliyini nəyin tətiklədiyini, xəstəliyə tutulma riskinə nəyin təsir edə biləcəyini və onun necə dayandırılacağını anlamaq üçün araşdırmaları davam etdirmək olduqca vacibdir.
Məqalədə qeyd olunub ki, təkcə ABŞ-da bir milyona yaxın insan bu xəstəliklə mübarizə aparır.