SİYASƏT
Maarifləndirmə treninqlərinin ikinci günü konkret mövzuların müzakirəsi ilə yadda qalmışdır
Ağstafa, 24 sentyabr (AZƏRTAC). 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir.
Dairə seçki komissiyasının sədri Tamerlan Eyyubov AZƏRTAC-a bildirmişdir ki, maarifləndirici məqsəd daşıyan treninqlərin ikinci günü də Mərkəzi Seçki Komissiyasının (MSK) treninq qrupunun üzvləri İmran Musayev və Kənan İbadov tərəfindən aparılmışdır. Məntəqə seçki komissiyasının üzvləri ilə birgə “Seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri”, “Seçki günü prosesləri və müstəsna hallar” mövzularında müzakirələr olmuşdur.
Aşağı seçki komissiyası üzvləri seçki prosesi ilə bağlı ətraflı məlumatlandırılmış, hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunəsi və bir sıra digər sənəd nümunələri təqdim olunmuşdur. Həmçinin müdavimlərə MSK-nın hazırladığı, səsvermə günü seçki məntəqəsində icra olunacaq hərəkətləri özündə əks etdirən videofilm də nümayiş etdirilmişdir.