DÜNYA
Macarıstan ukraynalı qaçqınları qəbul etməyə hazırdır
Budapeşt, 2 mart, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban elan edib ki, onun ölkəsi Ukraynadan gələn hər bir qaçqına kömək göstərmək öhdəliyi götürüb.
AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı M1 xəbər kanalına müsahibə verib. Onun sözlərinə görə, “qonşu Ukraynadan gələn qaçqınlar əmin ola bilərlər ki, onları Macarıstanda dostları qarşılayacaq - biz onları yedirəcək, sığınacaq verəcək və zəruri olan hər şeylə təmin edəcəyik”. Qaçqınların macarlar tərəfindən dəstəklənməsini Orban “adi insani münasibət” adlandırıb.
V.Orban deyib: “Macarıstan xeyirxah insanları olan yaxşı ölkədir. Avropaya daha yaxşı yaşamaq ümidi ilə gələn iqtisadi miqrantlar ilə müharibə səbəbindən bizə pənah gətirən ukraynalı qaçqınlar arasında fərqi görmək üçün dahi olmaq lazım deyil”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt