SİYASƏT
Maksim Verhagen: Niderland Krallığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir
Bakı, 14 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan-NATO əməkdaşlığı, sülhün və təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu, enerji və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycanda iqtisadi sahədə aparılan uğurlu islahatlar haqqında danışan E.Məmmədyarov qeyri-neft sektorunun inkişafına böyük önəmin verildiyini qeyd etmişdir.
M.Verhagen isə vurğulamışdır ki, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycan-Niderland əməkdaşlığının inkişafı üçün önəmlidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan E.Məmmədyarov, mövcud status-kvonun qəbuledilməz olduğunu, Ermənistanın məsələnin həlli istiqamətində aparılan sülh danışıqlarını uzatdığını vurğulamışdır.
M.Verhagen isə xüsusi qeyd etmişdir ki, Niderland Krallığı Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların davam etdirilməsinin tərəfdarıdır.