Malayziyada ümumi seçkilər mayın 9-na təyin edilib
Tokio, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Malayziya Seçki Komissiyası ölkədə ümumi seçkilərin cari il mayın 9-da keçirilməsi barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, budəfəki seçkilər hazırda Baş nazir vəzifəsini tutan Nəcib Razak ilə onun müəllimi, sabiq Baş nazir Mahathir Mohammad arasında gərgin mübarizə ilə diqqəti cəlb edir. Seçkilər gününün həftənin ortalarına təyin edilməsi, müxalifət üçün heç də xoş xəbər deyil. Belə ki, müxalifət məhz seçki məntəqələrinə gələn seçicilərin fəallığı ilə üstünlük əldə etməyə çalışır.
N.Razak hakim “Barisan” koalisiyasının daxil olduğu Malayziya Milli Təşkilatlar Birliyini (UMNO), M.Mahathir isə dörd müxalifət partiyasının daxil olduğu Ümid İttifaqını (PH) təmsil edir.
Rəqib partiyalardan biri hakimiyyətdə üstünlük qazanmaq üçün parlamentdəki 222 yerdən ən azı 112-sini qazanmalıdır.
Böyük təcrübəyə malik olan 92 yaşlı M.Mahathir 22 il (1981-2003-cü illər) Malayziyanın Baş naziri olub. Onun seçki platforması islahatlar yolu ilə ölkənin inkişaf etdirilməsini nəzərdə tutur.
Hakimiyyətdə olan Baş nazir N.Razak isə ölkə əhalisinin iqtisadi durumunun yaxşılaşdırılmasına, gəlirlərin artırılmasına çalışacağını vəd edir.
Ümumi seçkilərlə yanaşı, mayın 9-da Malayziyanın 12 ştatında yerli seçkilər də keçiriləcək.
Seçki kampaniyası ilə əlaqədar namizədlərə 11 gün vaxt verilməsi nəzərdə tutulur ki, bu da aprelin 28-dən mayın 8-i axşam saat 11:59-dək davam edəcək.
Seçkilər günü ölkə üzrə 14,9 milyon seçicinin səsverməyə qatılacağı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio