Malayziyanın Baş naziri “Ağsaqqallar şurası” təsis edib
Tokio, 14 may, AZƏRTAC
Malayziyanın yeni Baş naziri Mahathir Mohamad ilk üç nazirin təyin edilməsi barədə sərəncam imzalayıb və tərkibinə istefaya getmiş tanınmış məmurların və mütəxəssislərin daxil olduğu “Ağasaqqallar şurası” təsis edib.
AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, ilk təyin edilən nazirlər mayın 9-da keçirilmiş seçkilərdə qalib gəlmiş “Ümid alyansına” daxil olan böyük siyasi partiyaların rəhbərləridir. Belə ki, Malayziya Torpağının Oğulları Birləşmiş Partiyasının sədri Muhiddin Yassin daxili işlər naziri, Demokratik Hərəkat Partiyasının baş katibi, milliyətcə çinli olan Lim Kuan Enq maliyyə naziri, Milli Etibar Partiyasının sədri Mohamad Sabu isə müdafiə nazirinin portfellərini alıblar.
Mayın 11-də keçirilən mətbuat konfransında M.Mohamad bildirib ki, onun kabineti o qədər böyük olmayacaq və burada əsasən, aparıcı nazirlər olacaq. Yeni Baş nazir əsas nazirliklər sırasına 10 nazirliyin daxil olacağını bildirib. Hələlik iqtisadiyyat, təhsil, multimedia kommunikasiyaları, elm və texnologiyalar, kənd təsərrüfatının inkişafı, ictimai işlər, nəqliyyat və xarici işlər nazirlərinin kürsüləri boş qalıb.
Hazırda mövcud olan daha 16 nazirliyin, o cümlədən səhiyyə, xarici ticarət, ali təhsil, mənzil tikintisi və yerli hakimiyyət orqanları və digərlərinin taleyi hələlik naməlum qalır. Mütəxəssislərin qənaətinə görə, həmin nazirliklərin funksiylarının aparıcı nazirliklərə həvalə ediləcəyi də mümkündür.
M.Mohamadın elan etdiyi “Ağsaqqallar şurası”nın tərkibinə isə sabiq maliyyə naziri Daim Zaynuddin, Milli Bankın sabiq sədri Zeti Aziz, Petronas Dövlət Neft Şirkətinin sabiq direktoru Hassan Merikan, Qonkonqda yaşayan malay milyarder Robert Kuok və iqtisadçı ekspert, professor Como Kvame Sundaram daxildirlər.
Xatırladaq ki, yerli KİV-lərin hörmətlə “Doktor M” adlandırdığı M.Mohamad 1982-2003-cü illərdə ölkənin Baş naziri olub. M.Mohamad Malayziya siyasətinin veteranı və bacarıqlı idarəçi, çevik və ən çətin vəzifələri həll etməyə qadir siyasətçi kimi ölkədə böyük hörmətə malikdir. XX əsrin son illərində Malayziyanın çox böyük iqtisadi inkişafı və çiçəklənmə dövrü məhz onun adı ilə bağlıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio