SİYASƏT
Masallıda 28 May - Respublika Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Masallı, 26 may (AZƏRTAC). Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May - Respublika Gününə həsr olunmuş “Şərqdə ilk demokratik respublika” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.
“Dəfinə” Liseyinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov mövzu ilə bağlı məruzə etmişdir.
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının, XX əsrin əvvəllərində genişlənən milli azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi qiymətləndirən M. Abbasov Xalq Cümhuriyyətinin tariximizdə oynadığı rolu, üzərinə götürdüyü missiyanın mühüm əhəmiyyətə malik olduğunu, yeni tipli dövlət və cəmiyyət quruculuğu nümunəsi olduğunu diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan XX əsrdə iki dəfə istiqlaliyyətini əldə etmək, özünün müstəqil dövlətini yaratmaq imkanı qazanmışdır.
1918-ci ildə yaradılmış demokratik respublika xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən cəmi 23 ay yaşamışdı.
Xalqımızın 1991-ci il oktyabrın 18-də çətinliklə əldə etdiyi müstəqillik o dövr hakimiyyətdə olan səriştəsiz iqtidarın günahı üzündən cəmi iki il sonra yenidən məhv olmaq təhlükəsi ilə üzləşdi.
Belə bir ağır şəraitdə xalqımız özünün dahi oğlu Heydər Əliyevə müraciət etdi, onu təkidlə Azərbaycanda hakimiyyət sükanı arxasına dəvət etdi.
Həmişə öz xalqının səsinə səs verən dünya şöhrətli dövlət xadimi Heydər Əliyev xalqın təkidi ilə Azərbaycanda hakimiyyətə qayıtdı, bu gərgin mərhələdə böyük xilaskarlıq missiyasını cəsarətlə üzərinə götürdü və onu şərəflə yerinə yetirdi.
Müstəqilliyimizin möhkəmlənməsi, müasir dövlətçiliyimizin yaranması Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Bildirilmişdir ki, Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, böyük öndərin konseptual strategiyasının uğurla həyata keçirilməsinin təminatçısı Prezident İlham Əliyevin Azərbaycanın qüdrətlənməsinə, xalqın rifah halının yaxşılaşmasına xidmət edən məqsədyönlü fəaliyyəti səmərəli nəticələr verir və ölkəmiz inkişaf göstəricilərinə görə dünyada lider mövqedə dayanır.
Tədbirdə rayon ağsaqqallar şurasının sədri Cavanşir Əsədov, YAP Masallı rayon təşkilatı sədrinin müavini Aygün Quliyeva və başqaları beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının müstəqillik və dövlətçilik ənənələrinin möhkəmləndirilməsi uğrunda apardığı mübarizə tarixinin və onun qəhrəmanlıq epopeyasının zəngin dövrləri və mənalı səhifələrindən danışmış, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın yaddaşında əbədi iz qoyduğunu, milli dövlətçilik ənənələrinin XX əsrin sonunda yenidən bərpa edilməsində siyasi və mənəvi bir məktəb olduğunu diqqətə çatdırmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun ümumtəhsil məktəblərində 28 May - Respublika Gününə həsr olunmuş inşa müsabiqəsinin qaliblərinə diplomlar və medallar təqdim etmişdir.
Mərasim Heydər Əliyev parkında konsert proqramı ilə başa çatmışdır.