REGİONLAR
Masallıda qaydaları pozan 21 velosipedçi cərimələ olunub
Masallı, 10 avqust, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək qəza şəraiti yaradan velosipedçilər saxlanılıb.
Qanun pozuntusuna yol verənlərlə profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu onların diqqətinə çatdırılıb.
Qaydalara əməl etməyən 21 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.