Maştağa qəsəbəsinin yollarında təmir işləri aparılır
Bakı, 16 sentyabr, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrində icra olunan tədbirlər Sabunçu rayonunu da əhatə edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə cari ilin “İnvestisiya Proqramı”na əsasən agentlik tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində uzunluğu 1100 metr olan Xanlar yaşayış massivi 1-ci keçid üzrə aparılan təmir işləri davam etdirilir.
Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyinə cavab vermirdi.
Hazırda küçəyə 12 santimetr olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan əvvəl aparılan təmir işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Təmir işləri qəsəbə üzrə Mirəli Mirəliyev küçəsində də aparılacaq.
Qeyd olunub ki, cari il ərzində Sabunçu rayonu üzrə 12,7 kilometr uzunluğa malik qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
Agentlik tərəfindən 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən isə rayon ərazisində ümumi uzunluğu 9 kilometr təşkil edən küçələr təmir edilib.