MƏDƏNİYYƏT
MDB İcraiyyə Komitəsində Prioritet Tədbirlər Planının Layihəsi Azərbaycanın təklifləri nəzərə alınmaqla tamamlanıb
Minsk, 7 avqust (AZƏRTAC). Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsində Birliyin iştirakçıları olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planının layihəsi üzərində iş avqustun 6-da başa çatıb. Bu barədə AZƏRTAC-a təşkilatın qərargahının mətbuat xidmətində məlumat verilib.
Ekspertlərin iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin, habelə MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birliyin İcraiyyə Komitəsinin nümayəndələri iştirak edirdi.
Ekspertlər layihənin dövlətlərarası razılaşdırılması gedişində Azərbaycan, Rusiya, MDB iştirakçısı olan ölkələrin Parlamentlərarası Assambleyası, DHƏF və “Mir” Dövlətlərarası Teleradio Şirkətindən daxil olmuş irad və təklifləri müzakirə edərək plan layihəsini tamamlanmış və razılaşdırılmış hesab etməyi qərara alıblar.
MDB İcraiyyə Komitəsinə təklif edilib ki, Birliyin iştirakçıları olan dövlətlərin humanitar əməkdaşlığı sahəsində 2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planının layihələrini və ona dair qərarları MDB Xarici İşlər Nazirləri Şurasının və MDB Hökumət Başçıları Şurasının növbəti iclaslarının müzakirəsinə təqdim edilsin.
2015-2016-cı illər üçün Prioritet Tədbirlər Planının MDB iştirakçıları olan dövlətlərin Humanitar Əməkdaşlığı Şurasının təşəbbüsü ilə hazırlanıb. Sənədin layihəsində on bölmə üzrə tədbirlər nəzərdə tutulub: ümumi humanitar xarakterli tədbirlər; 1941-1945-ci illərin Böyük Vətən Müharibəsi Veteranları İli çərçivəsində tədbirlər; Təhsil İli çərçivəsində tədbirlər; mədəniyyət; elm; informasiya və kütləvi kommunikasiyalar; kitab nəşri, kitab yayımı və poliqrafiya; idman; turizm; gənclərin əməkdaşlığı.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk