MDB ÖLKƏLƏRİ TƏHLÜKƏSİZLİK XİDMƏTİ İDARƏLƏRİ RƏHBƏRLƏRİNİN BAKURİANİ GÖRÜŞÜ BAŞA ÇATDI
Ötən il sentyabrın 11-də ABŞ-da törədilən terror hadisələrindən sonra dünyada belə faciələrin bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görülür. Gürcüstanın kurort şəhərciyi Bakurianidə MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik nazirlikləri rəhbərlərinin toplantısı məhz bu problemə həsr olunmuşdur.
Tədbiri Gürcüstan dövlət təhlükəsizliyi naziri polkovnik Valeri Xaburdzaniya açaraq, ölkə prezidenti Eduard Şevardnadzenin toplantı iştirakçılarına salamını yetirmişdir. Nazir dünyanın hazırkı durumu ilə bağlı məhz Gürcüstanda belə bir görüşün keçirilməsinə razılıq verdiklərinə görə MDB ölkələri təhlükəsizlik xidmətləri rəhbərlərinə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, Gürcüstan terrorizmdən və narkotik maddələrin qeyri-qanuni daşınmasından çox zərər çəkən ölkələrdəndir. Bunun əsas səbəbi Abxaziyada separatizmin baş alıb getməsi, münaqişənin sülh yolu ilə tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərin hələlik nəticə verməməsidir.
Həmkarının fikri ilə razılaşan Azərbaycan milli təhlükəsizlik nazirinin müavini polkovnik Fuad İsgəndərov Gürcüstana qonşu olan Azərbaycan Respublikasının da eyni vəziyyətlə üzləşdiyini vurğulayaraq demişdir ki, Qafqazdakı münaqişələr sülh yolu ilə tənzimlənməyənədək belə problemlərin həlli mürəkkəb olaraq qalacaqdır. Azərbaycan Respublikası da erməni separatçılarının törətdikləri terror aktı sayəsində ərazisinin 20 faizini itirmişdir və bir milyondan çox qaçqını vardır. Ölkəmizin Prezidenti möhtərəm Heydər Əliyev demişdir: “Terrorizm dünya üçün bəladır. Əgər vaxtında əl-ələ verməsək bu bəlanı aradan qaldırmaq mümkün olmayacaqdır”.
Görüş başa çatdıqdan sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze MDB ölkələri təhlükəsizlik xidməti idarələrinin rəhbərlərini qəbul etmiş, belə bir tədbirin keçirilməsini alqışlamışdır.
Qapalı keçirilən görüşlər təhlükəsizlik xidməti rəhbərlərinin mətbuat konfransı ilə başa çatmışdır. Amerikalı hərbi təlimatçıların Gürcüstana gəlişinə dair verilən suallara Rusiya Federasiyası Federal Təhlükəsizlik xidmətinin direktoru Nikoloy Patruşev cavab verərək bildirmişdir ki, bu, müstəqil Gürcüstanın daxili işidir.