SİYASƏT
MDB ÖLKƏLƏRİNƏ YARDIM MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun aprelin 20- də keçirilən yaz iclası çərçivəsində Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin yeddisində - Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistanda yoxsulluğun azaldılması, iqtisadi artım, onların xarici borcları ödəmələrinin təmin edilməsi yolları müzakirə olunmuşdur. Dünya Bankı, BVF, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi bu təşəbbüs cari ilin fevral ayında Londonda iqtisadi seminarda irəli sürülmüşdür. Donor ölkələr bunu beynəlxalq və regional təsisatlar vasitəsilə yardım və yerli hökumətlərarası əməkdaşlığa dəstək vermək yolu ilə həyata keçirmək niyyətindədir. Onların rəyinə görə, adı çəkilən ölkələrdə iqtisadi artımı təmin etmək və yoxsulluq şəraitində yaşayanların sayını azaltmaq üçün zəruri tədbirlər müvafiq strategiyaların, makroiqtisadi sabitliyin olmasını, kiçik və orta müəssisələrin inkişafına səbəb olacaq sərmayə mühitinin yaradılmasını, korrupsiya ilə mübarizənin gücləndirilməsini nəzərdə tutur. Kreditorlar isə yardımı geniş islahatlar aparan ölkələrə göstərəcəklər.
İclasda Azərbaycan maliyyə nazirinin birinci müavini İlqar Fətizadə yoxsulluğun azaldılması və iqtisadi artım üçün ölkəmizin təkliflərini təqdim etmişdir. Bölgədə iqtisadi əməkdaşlıqdan söhbət açan İ.Fətizadə bəyan etmişdir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər qaytarılmayınca, Azərbaycan bu ölkə ilə heç bir tranzit daşımaları və ya digər layihələr üzrə əməkdaşlıq aparmayacaqdır.
Vaşinqtonda səfərdə olduğu müddətdə İ.Fətizadə dövlət departamentində, ABŞ-Azərbaycan Ticarət Palatasında görüşlər də keçirmiş, Azərbaycandakı sərmayə mühiti, ölkəmizin makroiqtisadi göstəriciləri, özəlləşdirilmə, iqtisadi islahatlar haqqında danışmış, həmsöhbətlərinin suallarına cavab vermişdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton