MƏDƏNİ MÜNASİBƏTLƏR XALQLARIN BİR-BİRİNİ DAHA YAXINDAN TANIMASINA İMKAN YARADIR
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə mədəniyyət günləri çərçivəsində iyunun 18-də M.F.Axundov adına milli kitabxanada tədbir keçirilmişdir.
Tədbirdə Səudiyyə Ərəbistanının Rusiya Federasiyasındakı səfiri Əli Həsən Əhməd Cəffərin “Səudiyyə Ərəbistanı ilə Azərbaycanın ikitərəfli əlaqələrinin perspektivləri” mövzusunda məruzəsi dinlənilmişdir. O, Azərbaycanda səfir kimi 7 il fəaliyyət göstərdiyini, Səudiyyə Ərəbistanı-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çalışdığını və geniş əlaqələr qurduğunu demişdir. Səfir Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görüldüyünü də xatırlatmışdır.
Məruzəçi vurğulamışdır ki, mədəni münasibətlər dövlətlər və xalqlar arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi vasitələrindən biri olmaqla yanaşı, həm də müxtəlif xalqların bir-birini yaxından tanımasına, onların arasında mədəniyyət, elm, iqtisadiyyat sahələrində qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına əlverişli imkanlar yaradır.
Natiq bildirmişdir ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri iki ölkə arasındakı əlaqələrdə mühüm tarixi mərhələnin əsasını qoymuşdur. Bu səfərin nəticəsində Ər-Riyadda Azərbaycanın səfirliyi açılmışdır. İkitərəfli əlaqələr intensivləşməyə başlamış və beynəlxalq səviyyədə mövqelərin koordinasiyası həyata keçirilmişdir. Səudiyyə Ərəbistanı Azərbaycanın İslam Konfransı Təşkilatına (İKT)-yə və İslam İnkişaf Bankına (İİB) üzvlüyünü dəstəkləmişdir. Azərbaycan da öz növbəsində Səudiyyə Ərəbistanı ilə bağlı məsələlərdə Krallığın marağını müdafiə edən mövqe nümayiş etdirmişdir. Bir sözlə, bu tarixi səfər iki dövlət arasında əlaqələrin gələcək inkişafına öz müsbət təsirini göstərmiş və sonrakı mərhələlərdə əlaqələrin səviyyəsini yüksəltmişdir.
Hazırda hər iki ölkə rəhbərliyinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdıran Əli Həsən Əhməd Cəffər mədəni, siyasi, parlamentlərarası, iqtisadi, ictimai, humanitar, informasiya, gənclər və idman sahələrindəki əlaqələrin mövcud qarşılıqlı vəziyyətindən də ətraflı söz açmışdır.
Məruzəçi sonda sualları cavablandırmışdır.