Məktəblilər arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə başlanılıb
Bakı, 2 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc bioloqların yaradıcılıq müsabiqəsinə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, məktəblilərin biologiya elminə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil olunan müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak edirlər.
Müsabiqənin məktəbdaxili mərhələsində iştirakçılar iki akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq biologiya fənni üzrə 30 sualdan ibarət test tapşırığını və iki məsələni yerinə yetirirlər.
Müsabiqənin birinci mərhələsi aprelin 23-də yekunlaşacaq. Məktəbdaxili yarışmada qalib gələn komandalar növbəti mərhələdə iştirak hüququ qazanacaq.
Gənc bioloqların yaradıcılıq müsabiqəsinin ikinci mərhələsi aprelin 25-dən 30-dək keçiriləcək. İkinci mərhələdə hər rayon üzrə birinci yeri qazanan komanda növbəti mərhələdə iştirak üçün vəsiqə alacaq. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin üçüncü mərhələsi isə mayın 2-dən 7-dək təşkil ediləcək.