Məktəblilər arasında mühəndislik və robototexnika üzrə yarış keçiriləcək
Bakı, 11 may, AZƏRTAC
Mayın 12-də məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına start veriləcək.
Tədbir Təhsil Nazirliyi, “ADA” Universiteti, “Mars Academy” MMC və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı və PAŞA Bank, Enginet və Təhsildə İnnovativ Texnologiyalar şirkətlərinin dəstəyi ilə reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 11-də Təhsil Nazirliyində keçirilən mətbuat konfransında bu qurumun sektor müdiri Ayla Həsənova məlumat verib. Bildirilib ki, Danimarkanın “LEGO” qrupu və ABŞ-ın “FIRST” (For Inspiration and Recognition of Science and Technology) təşkilatının ortaq layihəsi olan FLL 1999-cu ildən bəri hər il təşkil edilən yarışdır. Yarışın keçirilməsinin məqsədi ümumtəhsil məktəb şagirdlərinin elm və texnologiyalara marağını artırmaq, hazırkı qlobal problemlərin elmi-texniki həllinə öz töhfələrini verməyə həvəsləndirməkdir.
Dünyanın 80-dən artıq ölkəsində 250 mindən çox məktəblinin cəlb edilməsi ilə keçirilən FLL bu il Azərbaycanda da təşkil olunacaq.
Builki yarışın mövzusu “Hidrodinamika: suyun səyahəti”dir. FLL çərçivəsində hər komandada dörd məktəbli olmaqla 12 komanda dörd kateqoriya - əsas dəyərlər, layihə təqdimatı, robot dizaynı və robot yarışı üzrə gücünü sınayacaq.
MDB məkanında FLL formatında ilk müsabiqə 2005-ci ildə Azərbaycanda “Robotlar missiyası” layihəsi çərçivəsində keçirilib. 2005-2006-cı illərdə üç Milli Robot Yarışı təşkil olunub və azərbaycanlı məktəblilər iki dəfə britaniyalı komanda yoldaşları ilə birgə Birləşmiş Krallığın FLL finalında iştirak ediblər.
“FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika üzrə qeydiyyatdan keçən Təhsil Nazirliyinin birbaşa tabeliyində və özəl fəaliyyət göstərən ümumtəhsil müəssisələrində yaradılmış komandalara nazirlik tərəfindən xüsusi FLL hidrodinamika dəstləri verilib.
“ADA” Universitetində keçiriləcək bu yarışların yekununda iştirakçılar medal və sertifikatlar, müxtəlif kateqoriyalar üzrə qalib komandalar kuboklarla mükafatlandırılacaqlar. Çempion olan məktəb komandası isə iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək Açıq Beynəlxalq Turnirdə iştirak edəcək.
Konfransda çıxış edən “ADA” Universiteti informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı vəzifəsini icra edən Araz Yusubov, “Mars Academy” MMC-nin direktoru Şeyda Allahverdiyeva “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışının keçirilməsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən bəhs ediblər.